image-qanunla-reklam
image-387730339_878907263589053_2938443382464202072_n

Əməkdaşlığın davamlı inkişafı

image-lady-day-az

Əməkdaşlığın davamlı inkişafı

2023-cü ilin Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.  Həmin gün Prezident cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Bu səfər Prezident cənab İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

Bu gün iki dövlət arasında əməkdaşlıq əlaqələri davamlı şəkildə inkişaf edir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ölkə başçıları arasındakı ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar, bu gün də bu davam edir. Bu da, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacib şərtlərdəndir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib.

Prezident cənab İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu, sıradan bir səfər deyil, hazırki həssas məqamda regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən taleyüklü qərarların qəbul ediləcəyi bir tarixi görüş idi. Keçirilən görüşlər, verilən bəyanatlar bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilir. Bu prosesdə Gürcüstanın Azərbaycanla birlikdə olması hər iki xalqa yüksək inkişaf və rifah vəd edir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, Gürcüstanda, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

İqtisadi əlaqələr

Prezident cənab İlham Əliyevin Gürcüstana səfəri zamanı öz bəyanatında regionun iqtisadi durumunu dəyərləndirərək qeyd etdi ki, Azərbaycanla dost Gürcüstanın birgə həyata keçirdiyi layihələr bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyində mühüm xidmətlər göstərir. Bununla yanaşı, Prezident cənab İlham Əliyev Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsinə toxunaraq bunun əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini əminliklə qeyd etdi. Bundan başqa, dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırıldığını bildirərək, bunun yaxın gələcəkdə Orta Dəhlizin güclənməsinə xidmət göstərəcəyini qeyd etdi. “Bir kəmər, bir yol” layihəsinin əsas seqmenti olan Orta Dəhlizin fəaliyyətə başlaması Azərbaycan və Gürcüstan dövlətlərinin və xalqlarının maraqlarına tamamilə uyğundur.Həmçinin energetika sahəsində ənənəvi sahələrdən başqa iki ölkəni birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaqdır. Ölkələrimiz arasında iqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Prezident cənab İlham Əliyev regionun təhlükəsizliyindən danışaraq, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırdı, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmağın vacibliyinə toxunub.

Azərbaycan Prezidenti əminliklə qeyd etdi ki, sülhə nail olduğumuz təqdirdə, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Şübhəsiz ki, sülh sazişinin imzalanması regionun daha güclü inkişafına nəfəs verəcək. Bu gün Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var

Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin inkişafında tarixi rolu olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmlənərək qarşılıqlı dostluq və qardaşlıq müstəvisinə yüksəlib. Belə ki, ölkələrarası diplomatik münasibətlər qurulandan sonra Ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Ölkələr arasındakı ikitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan dövlət başçısı Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.

Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, digər beynəlxalq qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. Bütün bu məsələlərlə yanaşı, Ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına hər zaman xüsusi önəm verib. Yeri gəlmişkən, uzun illər Ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan Eduard Şevardnadze öz memuarlarında Ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq yazırdı: “Heydər Əliyev enerji daşıyıcılarının əsas marşrutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft borusu tez bir zamanda, 6-7 ay ərzində inşa olundu. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı”. Eyni zamanda, mərhum Eduard Şevardnadze öz memuarlarında Ulu öndər Heydər Əliyevlə bağlı çox mühüm mətləblərdən söz açırdı: “Tale elə gətirdi ki, Heydər Əliyev və mən 10 il ərzində öz ölkəmizə rəhbərlik etdik. Bu illər mükəmməl dostluq və qardaşlıq illəri idi. Moskvada olduğumuz zaman biz ailəvi yaxın idik – mənim həyat yoldaşım Nanuli Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın xətrini səmimi-qəlbdən istəyirdi. O, çox gözəl insan, həkim və professor idi. Xatırlatmaq istəyirəm ki, Heydər Əliyevə Öz kurasiyasından başqa, tez-tez digər məsələlərlə birgə, müxtəlif regionlarda xarici-siyasi əlaqələrin həllini də tapşırırdılar, O da bunu özünəməxsus məsuliyyətlə yerinə yetirir və böyük nailiyyətlər əldə edirdi. Möhkəm iradəli və olduqca müdrik bir dövlət xadimi idi. Tezliklə bütün ittifaq miqyasında nüfuzu artdı”. Həmçinin Ümummilli lider Heydər Əliyev də Eduard Şevardnadzenin fəaliyyətini, Gürcüstanın bir dövlət kimi var olmasında göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir: “Biz qonşu gürcü xalqının bu gününə, gələcəyinə dost münasibəti bəsləyən bir xalq kimi, Gürcüstanın bir neçə il bundan əvvəl düşdüyü ağır vəziyyətdən çox narahat idik. Eyni zamanda, çox sevindik ki, Eduard Şevardnadze Gürcüstana qayıtdı, çox ağır vəziyyətdə olan Gürcüstanın mövcud problemlərinin həlli ilə məşğul oldu və Gürcüstanı vətəndaş müharibəsindən, qardaş qırğınından, müxtəlif fəlakətlərdən xilas etdi”. Eduard Şevardnadze Gürcüstan – Azərbaycan münasibətlərinin, eləcə də xalqlarımız arasındakı sıx dostluq əlaqələrinin inkişafına müstəsna töhfələr verib və sözün əsl mənasında, Azərbaycan xalqının dostu idi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki