image-qanunla-reklam
image-kamal-ceferov

Elvinin intiharı: 33 yaşlı gənc deputat yoxa çıxdı

image-lady-day-az

Qazi Elvin Cəfərovun intiharı ilə bağlı araşdırmalara başlanılıb. Çox ümid edirəm ki, Baş Prokurorluq Elvini intihar həddinə çatdıran halların və şəxslərin tapılması üçün nə mümkündürsə, onu da edəcək və əlbəttə, o intiharın qarşısını almaq imkanı olub, almayanlar, adamı “son sözünü” dedirdib, özünü yandırmağa yola salanlar da diqqətdən kənarda qoymayacaq.

İcra başçısının Elvinin “Maştağada qeydiyyatda olması” və “psixoloji müalicə alması” barədə yas yerində dedikləri çox ayıb bir xatırlatmadır. Azərbaycanda əksəriyyətin psixoloji durumu yerində deyil – müxtəlif səbəblərdən: iş stressindən tutmuş ailə-məişət və dolanışıq qayğılarına qədər. İstənilən kəs psixiatora müraciət etsə, min xəstəliyi üzə çıxacaq və müalicə alacaq – onda qalmışdı, qucağında əsgər yoldaşı ölən, odun-alovun içindən çıxan, dəfələrlə yaralanan, mühasirədə qalan, günlərlə ölüm anını gözləyən gənc ola. Amma psixoloji müalicə almaq insanın “dəli olması” anlamına gəlmir və bu yanlış düşüncəni bayrağa çevirməyə qəti ehtiyac yoxdur.

Hər şey ortadadır – müharibədə xüsusi qəhrəmanlığına görə “Mauqli” ləqəbi alan Elvinin intiharöncəsi çıxışı da, ittihamlar da, pensiyası ilə bağlı məlumatlar da: araşdırılır, qiymət veriləcək.

Bəndənizi ciddi şəkildə narahat edən başqa məqamdır: bu olayla bağlı yazmayan, narahatlığını ifadə etməyən, danışmayan, daxilindən sızıldamayan, Elvin, elvinlər, Vətən aşiqləri üçün yanmayan yoxdur, bu intiharda özünü, cəmiyyəti suçlayanlar da az deyil, yalnız Sabirabadın deputatından başqa.

Bu gün öyrəndik ki, Sabirabad rayonunun deputatı Kamal Xaqani oğlu Cəfərovdur. 33 yaşı hələ tamam olmayıb, tərcümeyi-halı parlaqdır: BDU-nun Hüquq fakültəsini, London Kral Kollecinin beynəlxalq vergi hüququ üzrə magistr pilləsini, Vyanadakı beynəlxalq Antikorrupsiya Akademiyasının (antikorrupsiya elmləri üzrə) magistr proqramını bitirib.

Bu gənc deputat ingilis, rus, fransız dillərini bilirmiş, ancaq Elvinin dilini, deyəsən, danışa bilmirmiş, onnun yanında olmağı bacarmırmış.

Bəlkə də bacarır! Bəs, niyə narahatlığını ifadə etmir, niyə açıqlaması, yazısı, statusu, şərhi yoxdur?

“Mauqli” sıradan döyüşçü deyildi, Prezident, Ali Baş Komandan onu müharibədəki qəhrəmanlığına görə 8 orden-medalla təltif edib – SƏKKİZ!

Əziz deputatım, sizin dairənizdən bir qazi, bir igid, bir döyüşçü, bir qəhrəman özünü yandırıb, intihar edib və bu, içimizi sızım-sızım sızıldadır. Mən iki gündür yata bilmirəm, Elvin gözümün qarşısından getmir, bütün düşüncəmi işğal edib.

Siz necə, yata bilirsinizmi? Telefonlara niyə cavab vermirsiniz?

Elvinin intiharında şəxsən özümü günahkar sayıram: gərək gedib onunla görüşərdim, yanında olardım, dinləyərdim, dostluq edərdim, balam kimi əzizləyərdim, qardaşım kimi qoruyardım.

Siz necə, özünüzü heçmi günahkar saymırsınız? Siz Elvinə qardaş ola bildinizmi bu 1 il 8 ayda? Nə etdiniz onun üçün? Etmədiklərinizə görə peşmansınızmı? Ağrınırsınızmı?

Elvin Qurban bayramı günü İcra Hakimiyyətinin qarşısına gəlib, orda intihar edib. Onun Qurban bayramı günü İH-də nə işi vardı? Niyə siz, icra başçısı bayram günü onun evində deyildiniz? Niyə ona bayram payı aparmamışdınız?

Heç olmasa, bundan sonra, Elvinə göstərə bilmədiyiniz qayğını onun balalarına göstərə biləcəksinizmi?

Bunları ittiham üçün yazmıram, sadəcə, soruşuram: axı, siz hardasınız?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki