image-qanunla-reklam
image-15130116431877653454_1200x630

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir

image-lady-day-az

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir

Ana dilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edilir. Bu Fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Beləliklə müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyərə malik daha bir gün əlavə edildi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Bu Qanun dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Prezidentin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurlu davamının bariz nümunəsi idi.

Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Eyni zamanda, ölkə rəhbərinin dövlətimizin əsas atributlarından olan ana dilimizin qorunması ilə bağlı verdiyi bu sərəncamlar, heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiya idi. Bu gün Azərbaycan dilinin dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin siyasi-hüquqi təminatıdır.

“Ulu Öndərin vaxtilə söylədiyi, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” fikri bu gün vəzifəsindən, statusundan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün nümunə olmalıdır. Uşaqdan böyüyə hər kəs ana dilində danışmaqdan qürur duymalı, dilimizi yad təsirlərdən qorumaq üçün hər kəs çalışmalıdır. Emin Sabitoğlunun məşhur “Şirin dil” mahnısında da deyildiyi kimi, “Nə deyirsə yad desin, öz dilimdir şirin dil”.

Danılmaz bir faktdır ki, ən gözəl şeirlərin, ən həzin nəğmələrin, bayatıların dilidir Azərbaycan dili. Bu dili qorumaq və ən dəyərli milli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ulu öndər Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki