Sosial şəbəkələrdə ‘‘Amburan Beach’’ istirahət mərkəzinin və ‘‘Bilgah Estates Villas’’ yaşayış kompleksi tərəfindən Bilgəh qəsəbəsində çirkab suların Xəzər dənizinə axıdılmasına dair məlumatlar yayılıb.

İddialarla əlaqədar ‘‘Amburan Beach’’ istirahət mərkəzinin və ‘‘Bilgah Estates Villas’’ yaşayış kompleksinin rəhbərliyindən “Qanunla.az”a bildirilib ki, sözügedən ərazidə yerləşən ‘‘Amburan Beach’’ və ‘‘Bilgah Estates Villas’’ istirahət və yaşayış obyektlərindən axıdılan məişət-fekal suları ‘‘Ədliyyə Nazirliyinin’’ Bələdiyyələrlə iş mərkəzinin balansında olan  “Azsu Ekoloji Qurğu” MMC-yə məxsus 9 saylı çirkab sutəmizləyici qurğuda təmizləndikdən sonra dənizə axıdılır. Əlavə olaraq qeyd edilib ki, insanların sağlamlığı və təhlükəsizliyi, həmçinin ətraf mühitin qorunması şirkət üçün ən öndə duran məsələlərdəndir. Bu səbəbdən şirkət də, öz növbəsində mövcud vəziyyətin araşdırılması üçün təşəbbüs göstərərək ‘‘Ekologiya və Təbii Sərvətlər Nazirliyinə’’ hadisənin ətraflı araşdırılması ilə bağlı rəsmi şəkildə müraciət ünvanlayıb.

Nazirliyin və şirkətin məsul nümayəndələri ilə birgə sözügedən əraziyə baxış keçirilən zaman bir daha təsdiq edildi ki, ‘‘Amburan Beach’’ və ‘‘Bilgah Estates Villas’’ istirahət və yaşayış obyektlərindən Xəzər dənizinə heç bir çirkli su axıdılması baş vermir. Belə ki, Bilgəh qəsəbəsindən yağış sularının axıdılması üçün nəzərdə tutulan drenaj xəttinə, digər müxtəlif ərazilərdən məişət-fekal sular axıdılır ki, bu sular həqiqətən də təmizlənmədən dənizə tökülür. Yağış suları üçün nəzərdə tutulan drenaj xətti, 9 saylı sutəmizləyici qurğudan axıdılan təmizlənmiş su xəttindən tamamilə ayrıdır. Odur ki, iddia olunan qayda pozuntusunun, ‘‘Amburan Beach’’ istirahət mərkəzi və ‘‘Bilgah Estates Villas’’ yaşayış kompleksi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, adı çəkilən obyektlər üzrə axıdılan çirkab sular, “Azsu Ekoloji Qurğu” MMC və ‘‘Azelab’’ MMC tərəfindən aylıq laborator analiz olunaraq qeydiyyata alınır. 2022-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə bağlı monitorinqin nəticələrinə görə Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.

https://www.sehiyye.gov.az/media/xeberler-ve-yenilikler/cim-rlikl-rd-d-niz-suyunun-monitorinqn-tic-l-ri-m-lum-olub 

Şirkət rəhbərliyi vətəndaşlara məhz bu ərazilərdə yerləşən çimərliklərdən istifadə etmələrini tövsiyə edib.