image-qanunla-reklam
image-1661173329_174fd9a0-756b-4f18-be1c-a2687f9db3a0

“Bələdiyyə sədri avtomobili ilə qəza törətdi və qanundan yayındı” – İDDİA

image-lady-day-az

Mingəçevir şəhər sakinləri tərəfindən “DogruXeber.az”a verilən məlumata görə, 21.08.2022-ci il tarixində günorta saatlarında Mingəçevir şəhərində “Heydər Əliyev” küçəsi ilə “20 yanvar” küçəsinin kəsişməsində avtomobil qəzası baş verib.

Belə ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevə məxsus olduğu deyilən “Tayota Land crouther” markalı avtomobil “Lada Priora” markalı avtomobili zədələyib.

"Bələdiyyə sədri avtomobili ilə qəza törətdi və qanundan yayındı" - İDDİA

Vüqar Əkbərov adlı şəhər sakini “DogruXeber.az“a bildirir ki, “Hadisə yerinə çoxlu adamlar toplaşdı. Biraz səs-küy qalxdı. Mən oradakı insanları sakitləşdirmək üçün, “Ay camaat, biraz sakit olun, qoyun hər iki şəxs öz aralarında danışıb, aydınlaşdırsın” dedim. Elə bu zaman hadisə yerindəki İcra başçısının əmisi oğlu Nəriman İsmayılov yüksək səslə mənə “ayə sən kimsən” dedi. Cavab verdim ki, “ayə deyiləm, adım Vüqardır”. Nəriman İsmayılov səsini biraz da qaldıraraq, “mənim üçün sən ayəsən” dedi və yumruq qaldırıb üstümə atıldı. Ətrafdakılar onu tutdular və məni vurmasına imkan vermədilər”.

Qeyd edək ki, bu həmin Nəriman İsmayılovdur ki, bir neçə ay əvvəl sosial medialarda Mingəçevir şəhərində iki şəhid bulağını sökdürdüyü yazılırdı.

Sakinlərin sözlərinə görə “Nəriman İsmayılov İcra Hakimiyyəti başçısı İlham İsmayılovun əmisi oğlu – eyni zamanda Qres qəsəbəsindəki səlahiyyətli nümayəndəsidir. Bundan əlavə onlar “Nəriman İsmayılovun sakinlərə qarşı kobud davranışları ilə də “məşhur” olduğunu” da vurğulayıblar.

İcra başçısının məmur əmisi oğlu və kirvəsi bələdiyyə sədrinin “həm suçlu, həm güclü” prinsipilə vətəndaşlara qarşı nümayiş etdirdikləri “həmrəylik” məmur özbaşınalıqlarından cana doyduqlarını deyən şəhər sakinlərini daha qəzəbləndirib. Odur ki, Nəriman İsmayılovun yumruq göstərdiyini iddia edən şəhər sakini Vüqar Əkbərov artıq hüquq-mühafizə orqanlarının bu duruma müdaxilə etməsini istədiyini deyir.

Qeyd: Bir daha vurğulamaq istəyirik ki, məlumatda qeyd edilənlərin hər biri Mingəçevir sakinlərinin redaksiyamıza bildirdikləri və sosial mediada yayımlanan məlumatlardır.

P.S: Baş vermiş hadisə ilə bağlı məlumat barəsində qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Mingəçevir şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində yerləşdirilən telefona zəng etdik, dəstəyi qaldıran olmadı. Sonra bələdiyyə sədri Ramiz Əliyevin mobil nömrəsinə iki dəfə zəng etdik yenə cavab verilmədi. Bundan sonra mövqe öyrənmək üçün digər adı çəkilən şəxs Nəriman İsmayılova zəng etdik.

Nəriman İsmayılov şəhər sakini Vüqar Əkbərovun iddialarının böhtan olduğunu dedi və bildirdi ki, “O adam ümumiyyətlə orada aidiyyatsız şəxs idi. Ramiz müəllim ilə digər şəxsin söhbətinə müdaxilə etdi. Mən də dedim ki, “Qarışmayın. Qoyun özləri sivil qaydada həll etsinlər”. Lakin, o bundan sonra mənə səsini qaldırdı. Özü də bütün bunları telefona çəkirdi. Mən dedim, “İcazəsiz niyə çəkirsən?”. Bundan sonra həmin şəxs özü mənə hücum etdi. Lakin, sizə əksini deyib.”

Qeyd edək ki, sakinlərin redaksiyamıza verdiyi məlumata görə bələdiyyə sədri Ramiz Əliyev artıq avtomobilini zədələdiyi şəxslə öz aralarında qeyri-qanuni şəkildə – yəni, Dövlət Yol Patrul xidmətinə məlumat vermədən razılığa gəliblər. Bu isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yolverilməzdir.

Söhbət əsnasında Nəriman İsmayılov bu məlumatı da təsdiqlədi.

Biz Ramiz Əliyevin telefonlara cavab vermədiyi üçün, onun mövqeyini öyrənə bilmədiyimizi dedik. Nəriman müəllim Ramiz Əliyevin iş otağının telefon nömrəsini bizə verdi və o nömrəyə cavab verəcəyini dedi. Biz bu dəfə də həmin nömrəyə zəng etdik. Telefona cavab verən şəxs özünü təqdim etmədən, “Ramiz müəllim yoxdur” cavabını verdi. Dedik, “mobil nömrəsinə də cavab vermir”. Həmin şəxs yüksək aqressiv səslə “Ola bilər xəstədir, cavab verə bilmir, qardaş” cavabını verdi. Bildirdik ki, beləcə də dərc edərik. “Hə yaxşı” dedi və telefonu söndürdü.

Təkrar xatırladırıq ki, bundan əvvəl Mingəçevir şəhər Bələdiyyəsi barəsində məlumat dərc etdiyimizdə də Ramiz Əliyev telefonlara cavab verməmişdi və sonra bizi onun mövqeyini öyrənməməkdə günahlandırmışdı.

Maraqlıdır ki, dünən idarə etdiyi avtomobili ilə qəza törədən və bunu qeyri-qanuni yollarla ört-basdır edən qurum rəhbəri, bu gün “xəstə olduğu üçün telefona cavab verə bilmir”.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki