image-qanunla-reklam
image-378386548_873268797486233_8228177007574488464_n

Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti

image-lady-day-az

Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti.

 Ordu quruculuğu

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində düşməni məğlub etdi.  Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı.  Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.

Lakin sonralar Ermənistan müxtəlif bəhanələr və siyasi oyunbazlıqla bəyannamənin şərtlərinə əməl etməkdən boyun qaçırdı. Vətən müharibəsindən keçən dövr ərzində ermənilər tərəfindən Qarabağ iqtisadi rayonuna qanunsuz yolla silah və hərbi sursat gətirilməsi davam etdi, silahlı erməni terrorçuları tərəfindən təxribatların ardı-arası kəsilmədi.  Azərbaycan beynəlxalq kürsülərdə Ermənistanın törətdiyi əməllər barədə geniş məlumat versə də buna əhəmiyyət verilmədi. Ona görə də Azərbaycan Qarabağ iqtisadi bölgəsində Lokal antiterror əməliyyatı keçirməyə məcbur oldu. Peşəkar ordumuzun hərbi əməliyyatları nəticəsində 23 saat ərzində terrorçu qüvvələr ağ bayraq qaldırmağa məcbur oldular.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.

Öz mənfur əməllərindən əl çəkməyən  separatçılar tərəfindən Qarabağ iqtisadi rayonuna qanunsuz yolla silah və hərbi sursat gətirilməsi davam etdi, silahlı erməni terrorçuları tərəfindən təxribatların ardı-arası kəsilmədi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıdı və cəmi 23 saata terrorçular məğlub oldu. Son sözü isə Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz dedi!

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

  

 

Regionların sosial-iqtisadi inkişafı.

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.

Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əksini tapmış vacib istiqamət yenə də insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutmuşdur. Son beş ildə proqramda nəzərdə tutulmuş bu tədbirlər insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır.

Regionların inkişafına xüsusi diqqətlə yanaşılması, ilk növbədə, Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin tədricən aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məqsədindən irəli gəlir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki