image-qanunla-reklam
image-images

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

image-lady-day-az

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir.

Ölkəmizdə  davamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. Azərbaycanın Avropa və İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, cari ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi, dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani təsdiqidir.

Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu mənada diqqətəlayiqdir. 1995-ci ildən hər il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

2024-cü ildə Bakı ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. COP29 konfransında 190-dan çox ölkədən nümayəndənin Azərbaycanda bir araya gəlməsi gözlənilir. Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki təşkilatçılarını üstələmək, nəticədə iqlim və ekoloji çağırışların həllində təsirli nəticələr əldə etmək üçün bütün ilkin şərtlər var. Azərbaycan hökumətinin ekoloji siyasəti və qlobal istiləşmə ilə mübarizə üzrə fəal tədbirləri digər regionları və ölkələri də analoji tədbirlər həyata keçirməyə sövq edir. Bu, böyük ümidlər vəd edən təcrübədir və müsbət nəticələr verir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir.

Son 4 il ərzində ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi dövlətimizin böyük etimad qazanmasını şərtləndirib. Bu gün yüzdən çox ölkənin etimadını qazanmaq indiki dünya şərtləri çərçivəsində çox çətindir. Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibi olmasına səbəb olur.  Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərə çarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə düşünülmüş səylərinin göstəricisidir.
Hazırda  ölkəmizin uğurlu enerji siyasəti   Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda   Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensialı vardır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın verilməsi mühüm və tarixi hadisədir. Belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi yekdil qərarla təsdiqlənib və Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib, bu, COP29-u dünya ölkələri üçün cəlbedici edir. İrimiqyaslı tədbirlərin keçirilməsi məsuliyyətli bir iş olmaqla bərabər, Azərbaycanın nüfuzunun artmasına da töhfə verəcək.  COP29 gələcəyə hesablanmış gedişat kimi böyük əhəmiyyətə malikdir. Ölkəmiz neft-qaz ixracatçısı kimi tanınsa da, hazırda yaşıl enerji növlərinin yaradılması və gələcəkdə dünya bazarlarına nəql olunması sahəsində də işlər görür. Bərpaolunan enerji mənbələrinə investisiya cəlb etmək, “təmiz enerji”yə keçid prosesini daha da irəli aparmaq Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. COP29-u cəlbedici edən məsələlərdən biri də ölkəmizin gələcək inkişaf konsepsiyasının təqdim edilməsi üçün vacib platforma olmasıdır. Bununla da tədbir vasitəsilə siyasi uğurlara daha biri əlavə olunacaq, gələcəyə baxışlarımız formalaşdırılacaq. COP29 tədbiri çərçivəsində Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol bir daha təsdiqlənəcək, iqlim dəyişikliyinə dair öhdəliklər nəzərdən keçiriləcək, bəşəriyyətə təhdid yaradan faktorların aradan qaldırılması istiqamətində proqramlar tərtib olunacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır.

Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə mühüm ev tapşırıqlarının verilməsi də tədbirin önəmindən və mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlirdi.

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. COP29 beynəlxalq konfransın Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın namizədliyinin tam yekdilliklə dəstəklənməsi ölkəmizin növbəti böyük uğura imza atmasının bariz nümunəsidir. Dövlət başçısının da söylədiyi kimi, bu qərarı bütün dünya ölkələrinin qəbul etməsi Azərbaycana növbəti dəfə böyük etimad və hörmətdir. Azərbaycanın əleyhinə olan mərkəzlərin xüsusilə Qarabağ Zəfərimizdən sonra ölkəmizə qarşı hər cür qaralama kampaniyalarını davam etdirdikləri halda, ölkəmizə göstərilən etimad həm də o məkrli paytaxtlara zamanında beynəlxalq müstəvidə verilmiş cavab oldu.

Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürürdü. Bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatizmə, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü təmin edib. Eyni zamanda ölkəmiz humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb. COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Məhz belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur.

Ölkəmizin qazandığı uğurlarda Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaqdır.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Enerji siyasətinin prioriteti.

Azərbaycan hələ iki il əvvəlki tədbirdə, COP26-də iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə həyata keçirdiyi işlərdən bəhs etmişdi. Eyni zamanda “yaşıl enerji” sahəsində atılan addımları diqqətə çatdırmışdı. Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan “yaşıl enerji”ni artıq özünün enerji siyasətinin ayrılmaz hissəsi elan edib. Bu il Azərbaycanda bu istiqamətdə çox mühüm addımlar atıldı. Belə ki, külək enerjisindən istifadə ilə bağlı ciddi addımlar atıldı. Bu kimi əməli addımlar Azərbaycanın COP29-a ev sahibliyi etməyə haqqı çatan ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər.

Prezident cənab İlham Əliyevin azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tapşırıqlarını nəzərdə alaraq, Azərbaycanın COP28 tədbiri çərçivəsinə geniş heyətlə iştirakı orada təmsil olunan nüfuzlu şirkətlərin təmsilçiləri ilə Qarabağda yüksək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini müzakirə etmək üçün imkan yaradır.

Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki