image-qanunla-reklam
image-1699512668-0848

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

image-lady-day-az

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb və məktəbin açılışı olub.

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident cənab İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsi

Xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahələrdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Ölkəmiz bu və ya digər sahələrlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yaxud digər ölkələrdə keçirilən belə tədbirlərə qatılır. Bütün hallarda bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını xüsusi vurğuladı. Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Dövlət başçısı cənab İlham Əliyevin Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Bildirildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir. Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu Azərbaycana investisiya axının sürətləndirilməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 2003-cü ildən etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı cənab İlham Əliyev Zirvə toplantısında bu statistik rəqəmi açıqladı ki, ümumiyyətlə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud olan münbit və əlverişli sərmayə mühitinin nəticəsidir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək

Müasir dövrün əsas çağırışı olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində ölkəmizin bu sahədə böyük potensiala malikdir. Prezident cənab İlham Əliyev Zirvə toplantısında Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib. Dövlət başçısı bu rəqəmləri toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

İstər İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışlar, istərsə də tədbir çərçivəsində dövlət başçısı cənab İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmə və dəyərə bir daha işıq saldı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında xüsusi rol oynayacağını vurğulayaraq bildirdi ki, Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə daha bir addım yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşlərində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlar təqdir edildi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması fonunda nəqliyyat və logistika sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların yaranacağına əminlik ifadə olundu.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki