image-qanunla-reklam
image-1697258940_20200605084313_photohvkxff

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib

image-lady-day-az

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib.

Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə bütün humanitar qaydaları pozaraq bu yöndə bütün beynəlxalq konvensiyaları, humanizm prinsiplərini tapdayıb. 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, mülki insanların kütləvi qətliamı, işğal olunmuş ərazilərdə bütün mülki infrastrukturun dağıdılması, yaşayış məntəqələrinin Yer üzündən silinməsi erməni vandalizminin bariz nümunələridir. 44 günlük Vətən müharibəsində də erməni tərəfi beynəlxalq humanitar hüququ pozaraq döyüşlərin getdiyi ərazidən uzaqda yerləşən yaşayış məntəqələrinə hücum edərək 100-dən çox mülki insanı qətlə yetirib. Gəncə, Bərdə, Tərtər şəhərlərinə terror hücumu, eləcə də Mingəçevir şəhərinin, Xızı rayonunun raket hücumuna məruz qalması da deyilənləri təsdiqləyir.
Amma Ermənistandan fərqli olaraq Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də 24 saatlıq antiterror tədbirləri zamanı bütün humanitar qaydalara əməl edib.  Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, Azərbaycan beynəlxalq hüququ pozmayıb, biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Dövlətimizin  başçısı qeyd edib: “Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub”.
Məlumdur ki, 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı  qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur edildi. Cəmi bir sutka ərzində “ağ bayraq” qaldırıldı. Antiterror tədbirləri çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bu tədbir zamanı mülki əhali və obyektlər heç bir zərər görmədi. Bu, bir daha dövlətimizin humanizm siyasətinə sədaqətindən xəbər verən amillərdəndir.
Xatırladaq ki, antiterror tədbirləri başlayan gün – sentyabrın 19-da yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət edərək  mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. “Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, – deyə nazirliyin müraciətində bildirilirdi. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bu faktlar humanizmin növbəti göstəricisidir. Bununla yanaşı, mülki erməni əhalisi üçün humanitar yardımlar da diqqət mərkəzindədir.
Antiterror tədbirlərindən dərhal sonra dövlətimiz bölgəyə humanitar yardımlar göndərir. Bu yardımlara ərzaq, qida məhsulları ilə yanaşı həyati əhəmiyyət kəsb edən yanacaq məhsulları da çatdırılır. Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yeri gəlmişkən, sentyabrın 20-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Qarabağda kriminal xunta rejimi təslim olandan sonra burada yaşayan erməni əhalisinin də rahat nəfəs ala biləcəyini deyib. Müraciətində dövlət başçısı Qarabağ ermənilərinin hüquqlarının təmin ediləcəyini vurğulayıb. Beləliklə, Azərbaycan dövlətinin humanist siyasəti Qarabağ ermənilərinin bundan sonra əmin-amanlıq və rifah şəraitində yaşamasına səbəb olacaq.

Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki