image-qanunla-reklam
image-resmi2

Azərbaycan əməkdaşlığa açıq ölkədir

image-lady-day-az

Azərbaycan əməkdaşlığa açıq ölkədir

 Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Yeri gəlmişkən, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.

Qeyd edək ki, illərlə erməni qəsbkarlarının əsarəti altında qalan Şuşa şəhəri  2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən azad olundu.  Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Işğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində orada turizm inkişaf edəcək və bu sahə həmin ərazilərin dirçəlməsində əhəmiyyətli yerlərdən birini tutacaq. Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikintisi Şərq-Qərb nəqliyyat dəhlizinin, həmçinin, yükdaşımaların və turizmin inkişafına müsbət təsir göstərəcəyinin labüd sübutudur. Xüsusilə Şuşa şəhəri həm fəsil, həm də müalicə və unikal memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına malikdir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənistanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Hətta ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri də  cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

İşğal dövründə xalqımızın başına gətirilən bütün fəlakətlərə rəğmən Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Məlum olduğu kimi, Azərbaycan regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edir. Ölkəmizin irəli sürdüyü 3+3 əməkdaşlıq formatı da məhz bu prinsipin əsasında müəyyən edilib. Hazırda ölkəmizin müəllifi olduğu yeni regional reallıqlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazın sülh və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsi üçün indiyədək mövcud olmayan unikal imkanlar yaratmışdır. Bu imkanlardan yararlanmamaq və belə bir tarixi fürsəti əldən qaçırmaq bağışlanmaz səhv olardı.

Bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Son illər ölkəmizin əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir və xarici siyasətdə regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır. Bütün bu nailiyyətlər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində baş vermişdir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Rifah və quruculuq dövrü

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının  göstəricisidir. Bu gün Qarabağ bölgəsi Xəzər dənizini xatırladır. Estakadalar üzərində salınan şəhər və dənizçilərin rahat həyat şəraitini təmin etmək üçün inşa edilən digər infrastruktur binaları dünyanın səkkizinci möcüzəsi adlanırdısa, Qarabağda aparılan möhtəşəm, mükəmməl və nəhəng tikinti işləri dünyanın doqquzuncu möcüzəsinə bərabərdir. Düşmən istilasından, belə demək mümkünsə tufanından,  qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub, yaradan insan səsi, nəfəsi əvəzləyir. Ruhlar şəhəri adlandırılan, xarici müşahidəçiləri belə heyrətə gətirən viranə Ağdamda yenə də möhtəşəm, böyük ağ damlı binalar ucaldılır. Qartallar diyarı Kəlbəcərin, gülü-çiçəyi cənnət qoxuyan Laçının şöhrəti özünə qaytarılır. Bütün Qarabağ ərazisinə mərhələli şəkildə köç başlayıb.

Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq səviyyəli tədbirlərin keçiriliməsi üçün əlverişli məkana çevrilib. Bu baxımdan İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində keçirilmiş incəsənət festivallarını, eləcə də mühüm beynəlxalq tədbirləri qeyd etmək olar. Bundan əlavə, son zamanlar Ağdam, Füzuli və Zəngilan şəhərləri də bir sıra mühüm, yaddaqalan tədbirlərə ev sahibliyi edir. Onu da qeyd edək ki, Zəngilan işğaldan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Eyni zamanda, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu baxımdan, Zəngilan Beynəlxalq Hava Limanı da bu zərurətdən inşa olundu. Şübhəsiz ki, bu liman bütövlükdə  bölgənin inkişafına töhfələrini verəcək, turizm üçün əlverişli imkanlar yaradacaq.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.

Bərpa-quruculuq işləri cənab Prezident İlham  Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan bərpa-quruculuq işlərini heç bir ölkənin və beynəlxalq maliyyə qurumunun köməyi olmadan, təkbaşına həyata keçirir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

          

 Erməni vandalizmin təzahürləri

Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illər Azərbaycan torpaqlarını öz əsarəti altında saxlamış və bütün mədəni və tarixi irsimizi məhv etməyə çalışmışlar. Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.

30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.

Bu gün isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində işğaldan azad edilmiş torpaqlarımız yenidən canlanır, bütün ərazilərimiz yenidən inşa olunur.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki