image-qanunla-reklam
image-1697385008_16973788973830456464_1200x630-1

Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq

image-lady-day-az

Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yaşamağa davam etdirdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımızın 76 faizdən çoxu İlham Əliyevə səs verməklə Ümummilli Liderə inamını və sevgisini bir daha sübut etdi. Elə həmin dövrdən Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların bir hədəfi var idi- işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi. İkinci Qarabağ müharibəsi-Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, həmçinin dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə tarixdə əbədi qalacaq. Ali Baş Komandan İlham Əliyevin Prezident kimi 17 illik siyasi əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyününə qovuşdu, xalqımız dünyaya mübariz, müzəffər xalq kimi tanındı. 15 oktyabr 2023-cü il Azərbaycan xalqı üçün tarixi bir gündür.

15 oktyabr tarixində Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırdı. 20 il bundan əvvəl prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Bu gün Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahid oluruq.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın regional statusunun əhəmiyyətini durmadan artıran İlham Əliyev, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilini əvəzedilməz səviyyəyə yüksəltdi.

Düz 20 il öncə – 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə Azərbaycan xalqına tarixi müraciəti oldu: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Qədirbilən xalqımız 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə 76 faizdən çox İlham Əliyevə səs vermişdir. Çoxvektorlu, nəticəyönlü, dayanıqlı inkişafın təmin olunduğu dövlət siyasəti Prezident İlham Əliyevin mütləq prioritetidir. Peşəkar xarici siyasət, effektiv siyasi sistemin yaradılması, demokratik prinsiplərin və milli dəyərlərin sintezi fonunda güclü vətəndaş amilini öndə tutması İlham Əliyevin ölkə rəhbəri kimi dəyərini artırmışdır. Ardıcıl siyasəti ilə Azərbaycanın regional statusunun əhəmiyyətini durmadan artıran İlham Əliyev, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan amilini əvəzedilməz səviyyəyə yüksəltdi. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib ki, bu da məhz Prezident İlham Əliyevin düşünülmüş regional əməkdaşlıqlarda əldə etdiyi əlamətdar nailiyyətlərlə bağlıdır. Uzaqgörən və gələcəyə hesablanmış xarici siyasət xətti əslində daxildə dövlətin inkişafı naminə bütün potensialın səfərbər olunmasına və sosial dövlət fəlsəfəsinə xidmət edir.

Regionların sosial-iqtisadi inkişafı, ölkəmizin davamlı inkişafı üçün yaradılmış zəmin, milli iqtisadiyyatın diversifikasiyası Azərbaycan xalqının sosial rifahına gətirib çıxarmışdır. Gənclər siyasəti sahəsində əldə olunan uğurlar, təkamül yolu ilə inkişaf edən demokratik ənənələrə sahib yeni nəsilin yetişməsi cənab İlham Əliyevin 20 illik gərgin və məsuliyyətli əməyinin bəhrəsidir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı.

Siyasi mənzərinin dəyişdiyini, vətəndaş cəmiyyəti potensialının səfərbər olunmasını, siyasi münasibətlər müstəvisində həmrəylik mühitinin yaradılmasını görməmək mümkün deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür. Məhz bu tədbirlər nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.Effektiv xarici siyasət və strateji tərəfdaşlıq, relsə salınmış iqtisadiyyat güclü ordunun yaradılmasına da böyük töhfələr verdi. Unutmaq olmaz ki, Azərbaycan müharibə şəraitində olan bir ölkə idi. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Müstəqillik tariximizin ən parlaq səhifəsi olan “Vətən Müharibəsi” və hərbi-siyasi çatışmada Azərbaycanın tarixi qələbəsi İlham Əliyev dövrünün qızıl hərflərlə yazılacaq səhifəsidir. Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına ayrılan ali diqqətin təcəssümüdür, Prezident İlham Əliyev! Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür və görüləcəkdir.

Ümummilli Lider Heydər Əliyev irsinin davamçısı olan cənab Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Azərbaycan 2020-ci ildə, illərdir beynəlxalq ictimaiyyət tərəfindən lazımsız formada yubadılan Qarabağ problemini hərbi-siyasi yollarla həll etdi, xalqımız ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi. “Dəmir yumruq” milli birliyin və Vətən uğrunda savaşın rəmzi oldu. Bu müqəddəs savaşda Azərbaycan-Türkiyə qardaşlığı dünyanı heyran etdi və Şuşa Bəyannaməsi düşmənə dağ çəkdi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün irimiqyaslı infrastruktur layihələri icra olunur. Ən əsası bütün bu işlər müasir tələblərə uyğun qaydada aparılır və Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.

Bu yaxınlarda anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bu da uzunmüddətli problemin həlli yolunda möhürlənmiş bir uğur sayılır və regionda yaranmış yeni reallığın müəllifi Azərbaycan və onun müdrik rəhbəri İlham Əliyevdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

20 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 20 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə doğrultdu, verdiyi söz əməl etdi

15 Oktyabrın xalqımızın tarixinə növbəti sevincli və fəxredici gün kimi yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.

Hələ 2022-ci ilin avqustunda keçirilən “Qisas” əks-əməliyyatı nəticəsində yüzlərlə erməni hərbçinin Qarabağ bölgəsindən çıxarılmasından sonra dövlətimizin başçısı demişdi: “Bu, təəssüf ki, belə əməliyyatların effektiv olduğunu deməyə əsas verir. “Təəssüf ki” deyirəm, çünki bu, bu yerə gəlməməli idi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı”. Sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra da Prezident İlham Əliyev xalqa müraciəti zaman artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başladığını və təslim olacaqlarını bildirdi. Məsələnin bu yerə gəlib çatması təbii ki, qarşı tərəfin günahıdır.

Əfsuslar olsun ki, Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə, diplomatik yolla həll etmək niyyətini Ermənistan rəhbərliyi və onların xaricdəki havadarları qəbul edə bilmirdi, bununla da güc tətbiqini qaçılmaz edirdi. Prezident İlham Əliyevin mühüm məsələləri söz ilə həll etmək bacarığını Vətən müharibəsi dövründə müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə gördük. Ümumiyyətlə, Prezidentimizin bütün müsahibələri bizə çoxlu təvazökarlıq, soyuqqanlılıq və müdriklik nümunələri təqdim edir.Hərbi komponenti iqtisadi komponentdən ayrı salmaq olmaz. Belə ki, Prezident İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi: “Biz uzun müddətdir ki, potensialımızı gücləndirmək, ilk növbədə, iqtisadi müstəqilliyi təmin etmək üçün çalışırdıq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi”.Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı. Eyni zamanda artıq 3 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur. 20 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 20 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə doğrultdu, verdiyi söz əməl etdi. Vətən müharibəsindəki Qələbədən 3 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Türk dünyasında yeni əsrin liderlərindən olan İlham Əliyev 20 il ərzində çox böyük uğurlara imza atmış, bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilmişdir.

Ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atmış ümummilli lider Heydər Əliyev ən başlıcası xalqımızın milli sərvəti olan idarəçilik məktəbini yaratmış, özünün siyasi varisini yetişdirmişdir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş, bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etmişdir.

Cənab İlham Əliyevin Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. Türk dünyasında yeni əsrin liderlərindən olan İlham Əliyev 20 il ərzində çox böyük uğurlara imza atmış, bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilmişdir. Bu 20 ildə iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülmüş, nəhəng infrastruktur layihələri həyata keçirilmiş, nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etmişdir.

20 il ərzində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilmiş, reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas almışdır. Ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start vermiş, bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olunmuşdur.

Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər, Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindəndir. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərib.Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır.

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərib. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, müttəfiqlərinin və dostlarının sayı çoxalıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə Azərbaycanın sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb.

Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyib, gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edirlər.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Dövlət başçımızın təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, müxalif siyasi partiyaların qanunvericilik orqanının rəhbərliyində təmsil olunması, ölkənin həyatında baş vermiş mühüm hadisələrlə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi, işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi. Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki qəti qələbəmiz dayanır. Tarixə nəzər salsaq görərik ki, son 20 ildə Azərbaycanda ordu quruculuğu, Ordunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində nə qədər ardıcıl tədbirlər görülüb. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsində bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmaqla ərazi bütövlüyümüz, sentyabrın 19 isə suverenliyimiz tam bərpa edildi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici media vasitələrinə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülməkdədir. Qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də, dünyanın ən güclü dövlətlərindən biridir.

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının lideri kimi əsas missiyası işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək bərpa işlərinə heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almadan Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün irimiqyaslı infrastruktur layihələr icra olunur. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. 2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanı açılıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu 2023-cü ilin sonunadək istifadəyə veriləcək. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınır. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır.

Bəli, ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində xalqa verdiyi bütün vədlər yerinə yetirən Prezident İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan və ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü, dünya azərbaycanlılarının qəhrəmanlıq simvoluna çevrildi. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də, dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Tam əminliklə demək olar ki, dövlətimizin başçısının qərarları ölkəmizi bundan sonra da qələbədən-qələbəyə aparacaqdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki