image-qanunla-reklam
image-1695111608-whatsapp_image_2023-08-24_at_141701

Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik

image-lady-day-az

Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik

2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan ərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azerbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib; “Aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam şəkildə təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə ki, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Güc və iradə mesajı

2023-cü ilin Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zaman Prezident cənab İlham Əliyev bildirirdi ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”.  Azərbaycan Ordusu ata-baba torpaqlarını erməni terrorçu xunta rejimindən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir söz əbəs yerə deyildi. Bu gün  Azərbaycan regionun lider və qalib ölkəsi kimi qətiyyətli  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

İşğala son qoyuldu

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edək 44 günlük Vətən müharibəsi çoxəsrlik tariximizin şanlı qürur səhifəsidir. 44 günlük Zəfər yürüşünün hər anı, həm məqamı qəhrəmanlıq dastanı, rəşadətli, cəsarətli və şərəfli Azərbaycan xalqının mübarizə nümunəsidir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bunlarla yanaşı, Azərbaycan ərazi bütövlüyü və tarixi ədalətlə yanaşı, milli qürur və milli ləyaqətin də bərpasına müvəffəq olmaqla şərəfli tarix yazdı. Azərbaycan xalqı mübarizə ruhuna, sarsılmaz həmrəyliyə malik olduğunu və müzəffər xalq kimi gələcəyə addımladığını nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərrəqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bü gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycan təcrübəsi geniş tətbiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi qüdrətinin ifadəsidir. 44 günlük Vətən müharibəsində ordumuz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında azad etdi. Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bu döyüşlər Azərbaycan hərbçilərinin, gənclərimizin Vətən bağlılığını bütün cəhətləri ilə dünyaya nümayiş etdirdi. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Beləliklə, Azərbaycan münaqişəni hərbi-siyasi həll etməklə öz qüdrətini göstərdi. Ölkəmiz həm Ermənistanın işğalçı siyasətinə loyal münasibət göstərən və təcavüzkarı dəstəkləyən bir sıra böyük dövlətlərin, o cümlədən bəzi beynəlxlq təşkilatların ikili standartlar siyasətini, qərəzli və qeyri-obyektiv mövqeyini iflasa uğratdı. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi

Azərbaycan Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirərək qarşıda duran bütün vəzifəni cəmi bir gün ərzində yerinə yetirdi və öz suverenliyini tamamilə bərpa etdi. Azərbaycan Ordusu antiterror tədbirlərində əsl peşəkarlıq nümayiş etdirdi və strateji hədəflərə tam nail olundu. Bu, bir daha Azərbaycan Ordusunun böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq nümunəsidir. Çətin relyef şəraitində, düşmən tərəfindən uzun illər ərzində qurulan istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının davranışı da təqdirəlayiqdir, onlar Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər və bu tədbirlərin operativ, ağır itkilər olmadan başa çatmasında Azərbaycan Ordusunun sarsılmaz peşəkarlığından həqiqətən bir çox məqamları öyrəndilər. Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənəcək. Bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismara məruz qoyan və satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bununla da bu bölgədən öz mənfur niyyətlərini geri çəkmiş olacaqlar.

2023-cü ilin Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkərək qeyd etdi ki, “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”. Artıq bölgədə yaranmış yeni reallıqdan sonra Ermənistanın da sabitliyi, gələcək inkişafı üçün şanslar yaranır. Onlar da bu sülh və geniş əməkdaşlıq platformasında olmaqla özlərinin uzunömürlü inkişafını təmin edə bilərlər.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir.

Dünya ictimaiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda, işğaldan azad edilən ərazilərdə apardığı tikinti, quruculuq, bərpa işlərinin miqyasını görür və ermənilərin dağıdıcı, vandal xarakteri ilə bizim qurucu, yaradıcı missiyamızı müşahidə və müqayisə edir. Bu müşahidələr və müqaisələrlə dünya ictimaiyyəti işğaldan azad edilən həmin ərazilərin kimə məxsus olduğuna, daha dəqiq desək, həmin torpaqların ermənilərə deyil, Azərbaycan xalqına məxsus olduğuna bir daha əmin olur. Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatı həm Azərbaycan xalqının, onun liderinin qurucu olduğu, həm işğaldan azad edilən torpaqların xalqımıza məxsus olduğu, həm də erməni vəhşiliyi səbəbindən öz yurd-yuvalarından didərgin düşmüş, hayların işğalçılıq, etnik təmizləmə siyasəti səbəbindən ata-baba torpaqlarından gen düşmüş həmvətənlərimizin öz doğma yerlərinə, obalarına qayıdışı, Böyük Qayıdış barədə bütün dünyaya çox aydın bir mesajdır.

Vətən müharibəsində möhtəşəm Zəfərmizdən sonra bildiyimiz kimi, ölkəmiz üçün yeni dövr başlayıb və artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Bərpa-quruculuq işləri fonunda işğaldan azad etdiyimiz ərazilərin malik olduğu təbii resurslardan və iqtisadi imkanlardan səmərəli istifadə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək, Qarabağ və Şərqi Zəngəzurun əcnəbi şirkətlər üçün investisiya cəlbediciliyini də artıracaq. Heç şübhəsiz ki, ən yaxın zamanda işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, hansıki bu, fermerlər üçün əlverişli qazanc imkanları deməkdir. “Ağıllı kənd”, “ağıllı şəhər” strategiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq soydaşlarımız üçün yeni imkanlar yaradır və bu, onların həyat səviyyəsinin yüksəldilməsidir. Bir sözlə, işğaldan azad edilmiş ərazilər indi bütün gücü ilə Böyük Qayıdış üçün hazırlanır. Deməli, həqiqətən də Böyük Qayıdış uğurla həyata keçirilir. Hazırda Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Bu isə o deməkdir ki, Azərbaycanın Zəfəri nəticəsində regionda yaranan yeni şərait, yeni reallıqlar ölkəmiz və bölgə üçün çox böyük perspektivlər açır və Böyük Qayıdış həmin perspektivlərin hələ başlanğıcıdır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki