image-qanunla-reklam
image-thumb

Ana dili qorumağa borclu olduğumuz dəyərdir

image-lady-day-az

Hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun dilidir. Ana dili milli sərvət, xalqın milli kimliyinin göstəricisidir. Tarixboyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapır. Tarixboyu istilalara, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında isə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. Ulu Öndər bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaradıb. Ana dilinin tətbiq və fəaliyyət dairəsinin genişləndirilməsi, milli dilimizdə olan ədəbi-bədii irsin qorunması Heydər Əliyevin son dərəcə diqqət yetirdiyi sahələrdən olub.

Sovet dönəmində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə doğma dilimiz hakim mövqedə deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi o dövrün dövlət siyasəti üçün prioritet hesab olunmurdu. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkə həyatının bütün sahələrində ciddi dönüş yarandığı kimi, Azərbaycan dilinə münasibət də əsaslı şəkildə dəyişdi. Ümummilli Lider Azərbaycan dilinin dövlət orqanlarında tətbiq dairəsini genişləndirməyə başladı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə ilk dəfə Azərbaycan dilinin dövlət dili statusu qazanması üçün səylər göstərdi.

1969-cu ildə Azərbaycanın yeni lideri indiki Bakı Dövlət Universitetinin yubiley tədbirində ittifaqın hər yerindən, həmçinin xarici ölkələrdən olan qonaqların qarşısında doğma ana dilində çıxış etdi. Ulu Öndər o günə qədər formalaşmış olan standartları ilk dəfə pozdu. Bu münasibətlə onu təbrik edənlərə isə dahi rəhbər Heydər Əliyevin cavabı belə oldu: “Burada qeyri-adi heç nə yoxdur, nahaq təəccüb edirsiniz. Bu, mənim ana dilimdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”. Hətta yazıçılardan birinin ona “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deməsinə Heydər Əliyev belə cavab verir ki, “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.

Bu sözlərin ölkənin birinci şəxsinin dilindən səslənməsi ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoydu. Bu çıxış əslində, Ulu Öndərin respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı mesajı idi. Bu fikrində qətiyyətli olan ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazıldı. Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”, – deyən Ümummilli Lider 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da bu istiqamətdə dövlətin siyasi xəttini elan etdi. Müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri kimi təsbit edildi.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki