image-qanunla-reklam
image-xan

Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında

image-lady-day-az

Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında

Oktyabrın 15-də Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocavənd şəhərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Dövlət Bayrağımızı ucaltdı. Beləliklə, tarixi ədalət bərpa olundu.  Belə də olmalıydı. 30 illik işğala son qoyulmasının, separatçılığın kökünün kəsilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının kulminasiya nöqtəsi hesab olunan və rəmzi nümayişi sayılan bu möhtəşəm bayraq dalğalanmasını istər xalqımız, istərsə də bütün Türk dünyası uzun illər boyu həsrətlə gözləmişdi. Nə yaxşı ki, bu günləri gördük, bu tarixi anlara şahidlik etdik.
Bir mühüm məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlətimizin başçısı 20 illik fəaliyyətinin hesabatını məhz Xan şəhərimizdə – Xankəndidə verdi. Qalib Prezidentin regionun əsas siyasi mərkəzinə – Xankəndi şəhərinə səfəri 44 günlük Vətən müharibəsindən və rəsmi Bakının lokal antiterror əməliyyatı nəticəsində bölgəyə nəzarəti bərpa etməsindən sonra ilk səfəridir. İlham Əliyev ilk səfər üçün də, Xankəndinin mərkəzində Dövlət Bayrağımızın ucaldılması üçün də olduqca uğurlu bir gün seçib. Bu, onun Prezident kimi 20 illik fəaliyyətinin təntənəsi anı idi. Təsadüfi deyil ki, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan sonra xalqımıza etdiyi müraciətində Cənab Prezident bütün Qarabağ ərazisində Azərbaycan hakimiyyətini görmək üçün 20 il gözlədiyini bildirdi: “Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”.
Son 20 il ərzində həm Azərbaycan xalqı, həm də dövlət başçımız hər gün, hər saat vahid amala doğru, öz müqəddəs məqsədinə doğru gedib. Bu amal torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarət idi. Bu illər ərzində İlham Əliyev xalqın dəstəyinə söykənərək həm güclü iqtisadiyyat yaratmağı, həm də güclü ordu qurmağı bacardı. Dövlət başçımızın özünün də qeyd etdiyi kimi, “Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu”.
Dünyada söz sahibi olan Azərbaycan Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Sevindirici haldır ki, bu gün Azərbaycan Zəfər çalmış bir xalq, dövlət olaraq da dünyada tanınır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Bu qələbə Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və şəhidlərimizin qanı bahasına əldə olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Qazandığımız Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır.
“Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir”. Budur, bayrağın müqəddəsliyi və bayrağımıza olan sevgi. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan ərazilərimizdə, Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində dalğalanır. Qürurumuz, iftixarımız olan Azərbaycan BAYRAĞI. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Göy, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən, dünənindən, keçmişindən danışır. Qürur mənbəyimiz və and yerimiz olan Bayrağımız bu gün göylərə yüksəlib. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulub, Vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların ruhu qarşısında baş əyirik! Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı rayonunun Əsgəran qəsəbəsi öz azadlığına qovuşub. Cari ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Əsgəran qəsəbəsi də separatçılardan təmizləndi. Bu gün orada Azərbaycan bayrağı dalğalanır.
Əlbəttə ki, qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımız 20 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” – deyə Prezident çıxışında vurğulayıb.
Oktyabrın 15-də Cənab Prezident üç rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla, Qələbəmizin sevincini bir daha bizlərə yaşatdı. Güclü Azərbaycanın, Qalib Azərbaycanın vətəndaşı olmaq həqiqətən də, əvəzsiz bir qürur mənbəyidir.

Kazımzadə Ofelya

Saatlı rayonu Mustafabəyli kənd tam orta məktəbin müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki