image-qanunla-reklam
image-369636054_857112172435229_4663169116385117285_n

Suveren ərazi bütövlüyümüz bərpa edildi

image-lady-day-az

Suveren ərazi bütövlüyümüz bərpa edildi

Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir. Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır.

Ən başlıcası isə görülən bütün bu işlər, aparılan bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə bütövlükdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilən siyasi-iqtisadi kursun aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Tarixi hadisə

44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. İmzaladıqları və təslimçilik – kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirirdilər. Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların şaxta, qar, çovğun demədən 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi.

Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər.

Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Erməni təbliğatının hədəfi

Azərbaycan dövlətinin və xalqının 44 günlük Vətən müharibəsində və beynəlxalq arenada əldə olunmuş bu tarixi nəaliyyətləri, qazanılmış böyük uğurlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı soail-iqtisadi və hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nəaliyyətlərlə özünü sübuta yetirməkdədir. Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar.

Ölkəmizi “Etnik təmizləmə” ilə təqsirləyənlər anlamalıdırlar ki, tarix boyu xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımlar törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş məhz Ermənistan olmuşdur. Azərbaycan xalqı bu qanlı tarixləri heç vaxt unutmur və unutmayacaqdır.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini bu cür vurğulamışdı: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”. Bu gün ölkəmiz öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirir. Bütün çirkin iftiralara rəğmən ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir. Üstəlik, Azərbaycan hərbi və siyasi etik davranış sərgiləyərək, sərhəd-buraxılış məntəqəsinin yaradılacağı ilə bağlı həm Rusiya sülhməramlı kontingenti və həm də Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarını lazımi informasiyalarla təmin etmişdir.

Azərbaycan hər zaman olduğu kimi ədalətin tərafdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir. Bütün haqsız ittihamlara rəğmən Azərbaycan tərəfi hər zaman dürüstlük, mübarizə və qətiyyət nümayiş etdirmişdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”. Bu səbəbdən ölkəmiz səsləndirilən cəfəng iddiaları haqlı olaraq qətiyyətlə rədd edir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

 

Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti

Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə yaranacaq sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən gələcəkdə yaranacaq hər hansısa mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır. Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır.

Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında istəkli və qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə həlli zəruri məsələləri icra etməlidir. Bunlardan ən başlıcası isə qarşılıqlı olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımalı, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasıdır. Xüsusilə anklavlar, yəni hələ də erməni işğalında olan Qazaxın 7 və Naxçıvanın 1 kəndinin işğalına son qoyaraq Azərbaycana – öz həqiqi sahibinə geri qaytarmalıdır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

“Laçın” sərhəd-buraxılış məntəqəsinin mövcudluğunun müsbət təzahür formaları

Ermənistan tərəfi anlamalıdır ki, post-müharibə dövründən sonra regionda yeni reallıqlar formalaşmış, Azərbaycan öz qətiyyətli mövqeyi ilə regionun əsas güc mərkəzinə çevrilmişdir. Bu gün Ermənistan hakimiyyəti, revanşist qüvvələr, eyni zamanda, onları himayə edən xarici qüvvələr bu faktla barışaraq, gerçəklikləri qəbul etməlidir. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını almaqdadır. 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırıldıqdan bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər vətəndaşımız mina terrorunun qurbanına çevrilmişdir. Onlardan 55-i həlak olmuş, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu xüsusda “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Prezident cənab İlham Əliyevin qurub-yaratdığı ideal mərkəzləşdirilmiş idarəçilik mexanizmi sayəsində ölkəmizin bütün güc strukturlarının birgə koordinasiyalı şəkildə fəaliyyəti ilə çətin, lakin şərəfli və müqəddəs missiya çevik şəkildə icra edildi.

Bu baxımdan, Laçında Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Beləliklə, xalqımız post-müharibə dövründən bu yana vətənin bölünməzliyini və sərhədlərində yeganə söz sahibi olduğunu düşmənə, eyni zamanda, onu bu günə qədər himayə edən, dəstəkləyən və hər cür hərbi-siyasi dəstək göstərən bütün qüvvələrə sübut etmiş oldu. Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-keçid məntəqəsində pasport yoxlanış proseduru həyata keçirilir. Fədəkar sərhədçilərimiz babalarımızdan bizə miras qalan vətən torpaqlarının mühafizəsi üçün yüksək peşəkarlıqla öz müqəddəs vəzifə səlahiyyətlərini yerinə yetirirlər.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Qürur duyulası hal və ali ədalətin təntənəsi

Artıq Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində öz fəaliyyətinə başlamışdır. Gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini icra edirlər. “Laçın” sərhəd-buraxılış məntəqəsində yüklərin təmas olmadan, dəqiq və sürətli şəkildə yoxlama-baxış proseduru ABŞ istehsalı olan müasir mobil rentgen aparatı vasitəsi ilə təmin olunur. Bu, bir daha göstərir ki, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır.

Otuz il özlərini “qalib, döyüşkən xalq” kimi adlandıran xəstə təxəyüllülər indi gerçəkliklə, regionda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər. Bu səbəbdən qarşı tərəf və onu himayə edənlər sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki