image-qanunla-reklam
image-355863354_824582399021540_4008326581130584031_n

Şuşa Qarabağın tacıdır

image-lady-day-az

Şuşa Qarabağın tacıdır

Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.Bu gün doğurdan da bütün Azərbaycan xalqı Şuşa şəhərinin düşmən tapdağından azad olunduğu üçün bayram edir. Şuşa qədim tarixə və mədəniyyətə malik əzəli Azərbaycan torpağıdır. Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyov, şərqin ilk baletinin (Qız qalası) yaradıcısı Əfrasiyab Bədəlbəyli, Azərbaycan musiqisində simfonik muğam janrının banisi olan Fikrət Əmirov, Xan Şuşinski, Bülbül və s. kimi şəxsiyyətlər Şuşa şəhərimizin yetirmələridir. 1992-ci il may ayının 8-dən düşmən tapdağında qalan şəhərimiz Azərbaycan Silahlı Qüvvələri sayəsində  8 noyabr 2020-ci ildə işğaldan azad olmuşdur. Relyef cəhətdən dəniz səviyyəsindən 1400-1800m yüksəklikdə qaya üzərində yerləşməsinə baxmayaraq alınmaz qala hesab olunan Şuşa şəhəri xüsusi təyinatlı qüvvələrimiz hesabına düşmən tapdağından azad olmuşdur. Döyüş vaxtı rəşadətli ordumuz heç bir ağır texnikadan, drondan istifadə etmədən tapança və bıçaqla bilək gücünə belində yaralı əsgəri ilə həmin qayalara çıxaraq illərin həsrətinə son qoymuş düşməni məğlubiyyətə uğratmışdır. Bunun nəticəsidir ki dünya bizdə qüsur tapa bilmirki günahlandırsın. Prezidentimiz cənab İlham Əliyev cənablarının apardığı düzgün siyasət, iqtisadi münasibətlər, verdiyi müsahibələr bizi təkləməyə çalışan dünya ölkələrini susdurdu və illərdi əməl olunmayan BMT qətnamələrinin həyata keçməsinə gətirib çıxardı. Məhz Şuşa şəhərinin azad olunmasından sonra bütün dünya anladı ki, bizi heç kəs torpaqlarımızdan məhrum edə bilməz.Biz torpaqlarımızı şəhidlər verərək qol gücünə, dost dayağına və güclü sərkərdə idarəçiliyi əsasında əldə etdik. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunmuşdur.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

 

Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Bu gün Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq

Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin analoqu yoxdur. Beynəlxalq aləmdə özlərini məzlum xalq kimi təqdim edərək, nəinki insanlığa bütövlükdə ətraf mühitə qarşı barbarlıq edirlər. Erməni xisləti uzun illər boyu mövcud olub və davam etməkdədir. Azərbaycan ərazisinə hərbi təcavüz etməklə qondarma dövlət qurmaq arzuları isə puç oldu. 30 ilə yaxın Qarabağ ərazisini hərbi əsarətdə saxlamaqla necə barbar xalq olduqlarını dünyaya nümayiş etdirdilər. Nüfuzlu beynəlxalq təşkilatların qərarları belə 30 il kağız üzərində qaldı. Yalnız Azərbaycan əsgəri tarixi ədaləti bərpa etdi. 44 günlük müharibənin möhtəşəm qələbəsi erməni və havadarlarının xain simasını açdı. Artıq beynəlxalq aləm Azərbaycan reallıqlarını qəbul etmək məcburiyyətindədir. Ancaq,təəsüf ki,hələ də bəzi dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə nəinki göz yumur, hətta, ermənilərin millətçi,təcavüzkar siyasətinə dəstək verir. Azərbaycanın əzəli və tarixi torpaqlarında ermənilərin qanunsuz məskunlaşma siyasətinə havadarlıq edənlər də beynəlxalq konvesiyaları pozur, beynəlxalq hüquqa zidd əməlləri ilə dövlətlərarası əlaqələrə kölgə salırlar. Təəsüflər olsun ki, özlərini ədalət – hüquq keşikçiləri kimi elan edən bəzi beynəlxalq təşkilatlar Qarabağdakı ədalətsizliyə bir dəfə olsun münasibət bildirmədilər. Müzəffər Ali baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda möhtəşəm layihələr tez bir zamanda reallaşacaq və 30 ilə yaxın ata-baba yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir. Ümumiyyətlə, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Yəni ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini aşkar nümayiş etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür. Eyni zamanda, uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət Azərbaycana çox böyük üstünlüklər qazandırıb, ölkəmizin tərəqqi yolunda əmin addımlarla irəliləmisini təmin edib və respublikamız qarşısında yeni perspektivlər açıb. Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin xalqın mənafeyinə əsaslanan uğurlu siyasəti, hər bir vətəndaşın rifahına, ölkənin inkişafına xidmət edən addımları bütün bu nailiyyətləri şərtləndirən strateji faktor kimi çıxış edir. Təsadüfi deyil ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi dövlət başçısının uğurlu siyasətinin nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova 

 

 

Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan Ordusu öz formalaşma dövrünün böyük bir mərhələsinə başladı. Ayrı-ayrı siyasi partiyalara, şəxsi adamlara xidmət edən hərbi birləşmələr vahid komandanlıq altında birləşdirildi. Bu çox vacib məsələ idi və vahid komandanlıq ordunun gələcək həyatında strateji rol oynayan ən əsas məsələlərdən sayılırdı. Məhz şəxsi təcrübəsinə əsaslanaraq ümummilli liderimiz ordunun bu kursla formalaşdırılması və inkişafı üçün lazım olan hər şeyi etdi. Yəni, hərbi birləşmələri vahid komandanlıq altında birləşdirdi, ordunun maddi-texniki bazasının yaradılması və bunun yüksələn xətlə inkişaf etdirilməsi, silahlanması, şəxsi heyətin mənəvi, psixoloji və sosial qayğılarının həlli, bir sözlə, ordu quruculuğuna aid bütün məsələlər kompleks şəkildə öz həllini tapmağa başladı. Məhz həmin dövrdə ordu quruculuğu ilə bağlı Milli Məclis tərəfindən mühüm qanunlar qəbul olundu. Bütün bunlar silahlı qüvvələr üçün strateji rol oynadı. Hansı ki, Heydər Əliyev hakimiyyətə gələnədək heç biri öz həllini tapmamışdı. Eyni zamanda o dövrdə hərbi qulluqçuların normal xidməti üçün şərait yaradıldı. Yəni, hərbi hissələrdə nizam-intizam bərpa olundu. 90-cı illərin birinci yarısında fərarilik kütləvi şəkil almışdı, insanlar hərbi xidmətdən yayınırdılar. Lakin Heydər Əliyevin ordu quruculuğu sahəsində yeni qanunvericilik bazasına nəzarət etməsi ilk növbədə orduda fərarilik hallarına son qoydu, hamı vətən, dövlət qarşısında xidmətə yollanmağı özünün mənəvi borcu hesab elədi. Ulu öndərin bu sahəyə gətirdiyi yeniliklər, tətbiq etdiyi bir sıra prinsipial məsələlər sonradan Azərbaycan Ordusunun sözün həqiqi mənasında yüksələn xətt üzrə inkişafının əsasını qoydu

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

 

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutu, o dövrün ağır geosiyasi şərtləri və erməni daşnak qüvvələrinin düşmən fəaliyyəti və ərazi iddiaları səbəbindən milli ordumuzu tam qurmaq mümkün olmadı. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu imdadımıza yetməsəydi, Cümhuriyyətin özünün iki ilə qədər mövcudluğu və paytaxtın Bakıya köçürülməsi mümkün olmazdı. Həmin dövrün son dərəcə çətin şərtlərinə rəğmən, qəhrəman övladlarımız Vətənimizin azadlığı və müstəqilliyi yolunda canlarını fəda etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanın Sovet İttifaqının tərkibinə qatılmasından sonra Azərbaycanda ordu quruculuğunda da varislik prinsipi pozulmuş, milli hərbçi kadrların hazırlanmasında boşluq yaranmışdı.

Sovet dönəmində Azərbaycanın müstəqil olmamasına və öz ordusunun olmamasına baxmayaraq, Azərbaycan oğullarının hünər və şücaətləri İkinci Dünya müharibəsində nasist Almaniyasına qarşı döyüşlərdə bütün Avropaya səs salmışdı. Müxtəlif Avropa ölkələrində qəhrəmancasına döyüşmüş Azərbaycan əsgərləri bu gün də ehtiramla anılır.

“Sovet dönəmindən bəhs edərkən, Ulu Öndər Heydər Əliyevin cəsarətli və vətənpərvər təşəbbüsü və böyük səyləri ilə yaradılmış Naxçıvanski adına hərbi məktəbi xatırlamamaq mümkün deyildir. Heydər Əliyev böyük çətinliklə də olsa, 1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail olur. Məktəbə Cəmşid Naxçıvanskinin adının verilməsi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda ordu sahəsində varislik prinsipinə sədaqətinin çox güclü göstəricisidir. Çünki Cəmşid Naxçıvanski Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində müstəqilliyin qorunması uğrunda erməni daşnaklara və onların xarici havadarlarına qarşı qətiyyətlə mübarizə aparmış, komandir olduğu Qarabağ süvari alayı ilə birlikdə 1920-ci ilin martında Şuşada daşnaklara qarşı fəal surətdə döyüşmüşdür. O, Sovet dövründə repressiyaya məruz qalmış və güllələnmişdir”, – deyə Adil Əliyev bildirib.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb və ağır daxili və beynəlxalq şəraitdə ordu quruculuğuna başladı. Eyni zamanda, orduda ruh düşkünlüyünü aradan qaldırmaq, əsgərlərin mənəvi baxımdan da yaxşı hazırlanması tələb olunurdu. Bu və digər nüansları yaxşı bilən Ulu Öndər qeyd edirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.

Ulu Öndərin başladığı ordu quruculuğu Prezident cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirildi. Onun rəhbərliyi ilə ordumuz Vətən müharibəsində bütün dünyanı heyrətə salan böyük Zəfər çaldı. Məhz bu Zəfər sayəsində Prezident İlham Əliyev tarixə Müzəffər Ali Baş Komandan kimi düşüb. Amma bu uğurlarla kifayətlənməyərək, Prezident İlham Əliyev ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin yüksəldilməsinin hər zaman prioritet olacağını bəyan edib. Bu istiqamətdə işlər Vətən müharibəsi bitdikdən sonra da davam edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki