Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciət edib
Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
44 günlük İkinci Vətən müharibəsi doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” Soçi möhürünü birdəfəlik təsdiq etdi.
Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu.
Ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.
Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi,yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır!
Hələ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ-bu Azərbaycandır. Nida işarəsi” deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını verilmişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət Başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi möhtəşəm Qələbəmizin nidası oldu.
Qalib Sərkədəmizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın düşmən tapdağından azad edilən torpaqlara səfəri zamanı bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı vəhşiliklərinə, vandallıqlarına bir daha şahidlik etdilər. Çəkilən videomateriallar bir daha bütün dünyaya Azərbaycan xalqıının azğın, qana susamış düşmənlə üz-üzə olduğunu təsdiq etdi.
Bütün dünya bir daha Azərbaycan xalqının humanizminin şahidi oldu. İllər boyu erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərə baxmayaraq biz yenə öz humanist mövqeyimizdən əl çəkmədik. Kəlbəcəri boşaltmaları üçün azğın düşmənən daha 10 gün möhlət verilməsi də insanpərvərliyimizin, humanizmimizn təsdiqidir. Hər zaman olduğu kimi erməni vandalları çirkin niyyətlərindən əl çəkmədilər, Kəlbəcərdə meşələr yandırıldı, bu torpaqlarda böyüyüb boya başa çatan ağaclar kəsilib Ermənistana daşındı, evlərə od vuruldu. Erməni vandalları kim olduqlarını yenidən nümayış etdirdilər.
Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə Qalibiyyət səfəri edərək, Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verərərək bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi, bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!
Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Dünya azərbaycanlıları 27 sentyabrda bütün dövrlərdəki şəhidlərimizi bir daha minnətdarlıqla andı.
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, bu Qələbə tarixdə əbədi qalacaq
Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bir il keçdi. Məhz bu tarixdə ermənilərin cəbhədəki növbəti təxribatlarının qarşısının alınması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı.
44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi. Müraciətində «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir» deyən Prezident İlham Əliyev bu Qələbənin tarixdə əbədi qalacağını bildirdi.
Vətən müharibəsi ermənilərin vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. Belə ki, döyüş meydanında məğlubiyyətləri ilə barışılmayan Ermənistan silahlı qüvvələri yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq atəş altında oldu. Ermənistan beynəlxalq çərçivədə qadağan olunmuş silahlardan, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərinə diqqət yetirdikdə çağırışlarının, mesajlarının mahiyyətində bu məqam dayanırdı ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan ədalət, ləyaqət, milli qürur savaşına çıxıb. “Müharibədə tarixi Zəfərimiz milli ləyaqətimizi, qürurumuzu, kimliyimizi özümüzə qaytardı”
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır.
44 gündə təkcə ərazi bütövlüyümüzü bərpa edib, düşməni öz torpağımızdan qovmadıq. Eyni zamanda, erməni faşizmini məhv etdik. Müharibədən sonra Qarabağa gələn hər kəs erməni vəhşiliyinin təzahürünü aydın şəkildə görə bilər. Şəhərlərimizin necə yerlə -yeksan edildiyi, tarixi və mədəni abidələrimizin necə dağıdılaraq təhqir edildiyi göz önündədir. Ona görə də dövlət başçısı bu Qələbəni faşizm üzərində əldə edilən Qələbə adlandırıb.
Bu günümüzün reallığı budur ki, artıq müharibə arxada qalıb, Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası günbəgün genişlənir. Azərbaycan bu addımı ilə bir daha qurucu, yaradıcı xalq, dövlət, ən əsası bu torpaqların sahibi olduğunu nümayiş etdirir. Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliym möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.
Azərbaycan dövlətinin öz haqlı mövqeyində prinsipiallığı, dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, dövlət – xalq birliyi, zəfərimizin yaratdığı yeni reallıqlar beynəlxalq məhkəmələr müstəvisində də zəfərimizi təmin edəcəkdir. Dövlətimiz var olsun!
Nicat Əhmədzadə-Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir
Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!
Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə gedən yolunu ehtiva edən xüsusi təyinatı da var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik – verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımız və Ordumuzun şəxsi heyəti tərəfindən tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildi. Ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür. Şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər kəsin mənəvi borcudur.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə mühüm önəm verilən bu xətt dövlətimizin başçısının prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılıb.
Bu gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə olan diqqət və qayğısı hər kəsə yaxşı məlumdur. Ən əsası isə ölkə rəhbərinin bu nümunəvi addımı hər kəs üçün örnəkdir.
Belə bir parlaq qələbəyə imza atan şəhidlərimizin ailələrinə, qazilərimizə hazırda da həssaslıqla yanaşılır, onlara xoş münasibətlər göstərilir, problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilməsi bunun bariz ifadəsidir.
Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsi ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla, ruh yüksəkliyi ilə qarşılanır, vətəndaşların möhtərəm Prezidentimiz İlham Əliyevə olan inam və etimadını daha da gücləndirir.
Eşq olsun müqəddəs torpağın şəhid oğullarına!
Vətən onları unutmayacaq!
Vüsal Rəhimov-Zərdab rayon mədəniyyət mərkəzinin əməkdaşı
İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 17 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.
Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Düşmənin belini qıran, başını əzən dəmir yumruq
44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu. Düzdür, 2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Ermənistanın Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.
Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir
Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də həm hərb meydanında, həm də siyasi-diplomatik sferada qalib olan Prezident, Ali Baş Komandan İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Prezident İlham Əliyev – Azərbaycan tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Komandan
Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə – İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə (1722-ci ildə Səfəvilərin işğal olunmuş torpaqları geri qaytarması) ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin – dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.
Azərbaycan Respublikası geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovuşuğunda, Şərq-Qərb sivilizasiyalarının kəsişməsində, qədim karvan yollarının üzərində qərar tutan Azərbaycan lap qədim dövrlərdən səyyahların, yadellilərin, qonşu dövlətlərin marağını cəlb etmiş, öz azadlığı və müstəqilliyi uğrunda qanlı-qadalı mübarizələr aparmalı olmuşdur. Bu mübarizələrdən sonuncusu bu günlərdə böyük və şanlı zəfərlə başa çatmışdır. Müstəqil Azərbaycan dövləti artıq 30 ildir ki, erməni işğalı altında olan doğma torpaqlarımızın tam azad edilməsi üçün qətiyyətli addımlar ataraq, İkinci Qarabağ müharibəsində qələbə qazanmışdır.
Ümummilli liderimiz Heydər Əliyev 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlərboyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Vətən müharibəsi haqq mübarizəmizin şanlı səhifəsi olaraq tarixə yazılacaq
27 sentyabr 2020-ci il tarixi. Mənfur düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu haqq savaşına başladı və 44 gün ərzində illərdir davam edən zülmə son qoyuldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşməni yerlə yeksan etdi. Qəhrəman vətən övladlarının göstərdikləri yüksək peşəkarlıq, əzmkarlıq, dözümlülük Azərbaycan ordusunun qüdrətini bütün dünyaya sübut etdi. 27 sentyabr tarixindən başlayan II Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, nümayiş etdirdiyi həmrəylik bu qələbinin əsasını qoydu. Şəhidlərimizin canı, qanı hesabına Qarabağımız qarış-qarış düşmən əsarətindən xilas edildi, ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa edildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm qələbəmizin qazanılmasında canlarını və qanlarını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm.
Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu
Tariximizin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər təkcə hərb meydanında deyil, illərdi aparılan qətiyyətli siyasətin, iqtisadi qüdrətin təntənəsidir. Ali Baş Komandanın dəmir yumruğu, müzəffər Azərbaycan əsgərinin rəşadəti düşmənə acı məğlubiyyət yaşamağa vadar etdi.
Uzun illər aparılan siyasi-diplomatik mübarizənin məntiqi davamı olan dəmir yumruq tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı. Bu torpaqların azad olunması, ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisədir. Bu qələbə ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyirik.
Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar.
Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə bu reallığı nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Qardaş Türkiyə xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular və Azərbaycana öz dəstəklərini göstərdilər.
Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Vətən müharibəsi 44 gün davam etsə də, onun nəticəsi, Azərbaycanın hərbi-siyasi qələbəsi min illərlə danışılacaq. Vətən müharibəsi ərazi bütölüyümüzün təmin olunması üçün haqqın-ədalətin bərpası istiqamətində göstərilən şücaəti, eyni zamanda, kimin kim olduğunu, kimin dost, kimin düşmən olduğunu nümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərimizin, Azərbaycan Ordusunun Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da ölkəmizi tək qoymadı, birlik, həmrəylik nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan-Türkiyə birliyimiz daimidir, həmrəyliyimiz sarsılmazdır!
Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru