image-qanunla-reklam
image-355694414_824582085688238_418409510325590222_n

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

image-lady-day-az

Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Ulu Öndər Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, Bütünlükdə, Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Vətənpərvər Azərbaycan əsgəri

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir fərari belə olmayıb. Silahlı Qüvvələrin Ali baş komandanı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsi zamanı Zəfər qələbəsi  Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. İki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud, potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

 

Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir

Azərbaycan-Türkiyə münasibətlərini dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirə bilərik. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar. Göründüyü kimi, Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyənin dostluğu, qardaşlığı da zamanın sərt sınaqlarında möhkəmlənib və yenilməz olub. Bu iki ölkə və xalq sevincli günlərdə də, çətin anlarda da daim bir yerdə olurlar. Birlik onların gücünə güc qatır. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir. Azərbaycan – Türkiyə münasibətlərində hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, silahlı qüvvələr arasında təcrübə mübadiləsi təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

 

Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi

XX əsrin əvvəllərində əsası qoyulan ordumuzun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qorunub saxlanılan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu formalaşdı və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yarandı. Ümummilli Liderimizin əsasını qoyduğu milli dövlət quruculuğu və Azərbaycan Ordusunun müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinin düzgün inkişaf etdirilməsi nəticəsində ordumuzun formalaşdırılması, torpaqlarımızın layiqli şəkildə qorunması işinin təşkili istiqamətində qəti addımlar atıldı, yeni strategiyaya əsaslanan ordu siyasətinin əsası qoyuldu. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki