image-qanunla-reklam
image-350261830_3538111516515347_2518184350447692192_n

Laçınlıların doğma yurda qayıdışına başlanıldı

image-lady-day-az

Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə 44 günlük Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər və Laşın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış olub.

Belə ki, təkcə Laçın rayonunda olarkən Prezident İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində  iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Ertəsi gün Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində  istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib, Prezidentə Laçın şəhərinin Baş planı təqdim olunub.

Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O, bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.

Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir.

Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

Ölkə başçısı bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcəkdir.

Prezident İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu hamıya bəyan etdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Laçında bütün lazımi şərait yaradılır

May ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.

Həmin gün ilk 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu.

Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.

Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.

Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə tutulur.
Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi, “Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Laçın AXC – Müsavat cütlüyünün hakimiyyət uğrunda apardığı çirkin oyunlarının qurbanı olmuşdur.

Qarabağda qanlı döyüşlərin getdiyi vaxtda AXC-Müsavat cütlüyünə daxil olan şəxslər xəyanatkarlığa yol verərək, hərbçiləri Bakıya gətirərək silah gücünə, zorla hakimiyyəti ələ keçirməyə çalışırdılar. Nəticədə Laçın demək olar ki, müdafiəsiz qalmışdı. Laçın işğal olunandan 1 ay sonra AXC-Müsavat cütlüyü qanunsuz yolla hakimiyyəti ələ keçirdi. Laçın rayonundan sonra Kəlbəcərin də işğal edilməsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə Ermənistanın coğrafi bağlantısı yaranmış oldu və bununla da I Qarabağ müharibəsində məğlubiyyətimizin əsası qoyuldu”, Hər kəsə yaxşı məlumdur ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə, yəni Azərbaycanın dədə- baba torpaqları ilə Ermənistan ərazisi arasında Laçın rayonu çox mühüm əhəmiyyətə malik coğrafi ərazidir. Mənfur, xain qonşularımız tərəfindən bütün sözü gedən dünya təşkilatlarının gözü qarşısında Laçın rayonu işğal olundu. Ermənistan demək olar ki, rayonun bütün infrastrukturunu məhv etdi. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra – mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. Meşələri, təbii sərvətləri, yaşayış evləri, tarixi abidələri qanunsuz dağıdıldı, yandırıldı, istismara məruz qalaraq talan edildi. Eyni zamanda işğal dövründə ermənilər beynəlxalq konvensiyalara görə hərbi cinayət edərək xaricdə yaşayan erməni ailələrini qanunsuz olaraq Laçın şəhərinə və kəndlərinə yerləşdirmişlər. Laçın rayonunun işğal olunması Azərbaycanda bəzi üzdəniraq siyasi qüvvələrin də dəyirmanına su tökdü. Onların xəyanəti ölkədə yaranan özbaşınalıq və hərcmərclik nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu.

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı

Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözü gedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur. Laçının etibarlı müdafiə olunmasının xüsusi əhəmiyyəti var idi. Lakin həmin vaxt dövlət rəhbərləri tərəfindən, xüsusilə, respublikanın prezidenti olan Ayaz Mütəllibov, müdafiə naziri tərəfindən Laçının müdafiəsinin təmin olunması üçün heç bir tədbir görülmədi. Respublika rəhbərliyinə, müdafiə nazirinə bu barədə dəfələrlə müraciətlər olunmuşdu.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var. Yalnız Laçında deyil, ümumən Şərqi Zəngəzurda, Qarabağda bir çox İlklərə imza atılıb: Prezidentin müvafiq sərəncamlarına əsasən tikilən yollar, salınan körpülər, qazılan tunellər… nəinki 30 illik işğal dönəmində olmayıb, heç Sovet dönəmində də olmayıb. Sovet dönəmində Füzulidə, Zəngilanda, Laçında hava limanının heç layihəsi olmayıb…
Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Laçınlıların ilk partiyası hava qaralanda yetişdilər doğma ünvana, düz 31 illik həsrətdən sonra!

27 may 2023-cü ildə Laçın şəhərinin bri qrup sakini, 20 ailə, 97 nəfər öz Evinə qayıtdı! Bu xəbəri eşitmək, qayıdış kadrlarını sosial şəbəkələrdən, efirdən izləmək, Ali Baş Komandanın Böyük Qayıdışla bağlı açıqlamasını oxumaq o qədər möhtəşəm idi ki…Bir anlıq başqa bir xatirəyə döndüm. Hər dəfə avtobus sürücüsü paytaxtın məşhur ünvanlarının birinin qarşısından keçəndə sərnişinlərdən “Laşında düşən olacaqmı”-soruşanda ürəyimiz sızlayırdı. Nələr keçirdi gözlərimiz önündən. O zaman ermənilərin idbar “berdzor” çağırdıqları müqəddəs yurd yerlərimizdən birinin, Qarabağın, Zəngəzurun qapısının ətri üçün qurnumuzun ucu göynəyirdi…

Laçınlıların ilk partiyası hava qaralanda yetişdilər doğma ünvana, düz 31 illik həsrətdən sonra! Az qala bir qərinə! 18 may 1992-ci ildə Laçın işğal ediləndə ev-eşiklərini, əmlaklarını atıb, sadəcə acı xatirələrini götürüb yurdunu tərk edənlər bu illərdə nələr çəkdilər, düşmənə, ona havadarlıq edənlərə lənət oxuyaraq. Nə qədər insanımız Laçın həsrəti ilə dünyadan köç elədi.

Və budur, Prezident İlham Əliyev mayın 28-sində, Respublika günündə Laçın rayonuna qayıdan sakinlərlə görüşündə bildirib ki, iyun ayında qayıdışın davamı olacaq. İlkin mərhələdə isə Laçına 4 min, bəlkə daha artıq sakin qayıdacaq! Gözəl xəbərdir! Nəzərə alsaq ki, Laçın rayonu üçtərəfli razılaşmada əksini tapdığı kimi, 2020-ci ilin dekabrında deyil, 2022-ci ilin 26 avqustunda Azərbaycana təhvil verildi. Həm də xoşluqla deyil…Azərbaycan dövləti Ermənistanın yağmaladığı Laşında da cəmi 7-8 ay ərzində həyatı bərpa etdi, qurdu, yaratdı və budur, yurd sahibləri evlərinə dönür! Ardınca Zabux və Sus kəndlərinin sakinləri də o möhtəşəm tarixə şahidlik edəcəklər…

Dövlət başçısı Laçına Kəlbəcərdən gəldi, yeni layihələrin təməllərini qoyduqdan, açılışları reallaşdırdıqdan sonra. Div layihələr reallaşdırılır Kəlbəcərdə, təkcə tikilən tunelləri xatırlamaq kifayətdir. Amma çəkilən yollar, tikilən tunellər həyata aparır, məktəblərin bünövrəsi qoyulur, mənzillərin tikintisinə başlanılır. Çox keçməz ki, Kəlbəcər aparan Ağdərə yolu da ixtiyarımızda olar, inşallah, əksi mümkünsüz!

Azərbaycan ordusunun ildırımsürətli hücumları, 44 günlük müharibədə düşmənin başına od ələməsi son nəticədə Kəlbəcər, Ağdam və Laçının döyüşsüz təhvil verilməsi barədə öhdəliyin götürülməsinə gətirib çıxartdı. Heç şübhəsiz, döyüşlər bu ərazilər uğrunda da davam etsəydi belə, şanlı ordumuz qalib gələcəkdi, o halda daha çox sayda itkilər verməyimiz də qaçılmaz olacaqdı. Odur ki, bu ərazilərin, xüsusilə də strateji əhəmiyyət kəsb edən Laçın rayonunun və Laçın yolunun nəzarətə götürülməsinin müstəsna tarixi əhəmiyyəti var idi. Düşmənin onurğa sütunu qırıldı, çünki Qarabağın işğalı elə Şuşa və Laçının işğalından sonra sürətli şəkildə həyata keçirilmişdi. Şuşanın azadlığından sonra Ermənistanla separatçıların arasında əsas əlaqəyə çevrilmiş Laçın bağının da kəsilməsi düşmənin şah damarının kəsilməsi qədər önəmli əhəmiyyətə malik əməliyyat idi. Prezident Laçın sakinləri ilə görüşdə bildirib ki, 44 günlük maharibəyə qədər Laçını Azərbaycana qaytarmaq nə ermənilərin, nə də üçüncü tərəflərin ağlına belə gəlmirdi. Bəli, o dövrdə Azərbaycana 3+2+2 kimi mücərrəd “həll yolları”, daha doğrusu, nağılları danışırdı vasitəçilər. Məqsəd-məram bu idi ki, illər keçsin, sonda ölkəmiz məğlubiyyətlə barışsın, Kəlbəcər və Laçını da keçmiş Dağlıq Qarabağın “göz”ünə qatıb, əllərində əbədi saxlamaq istəyirdilər. Görün Azərbaycan düşmənin və havadarlarının hansı planlarını pozub!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ali Baş Komandanın Laçında, 28 May günündə, 28 May küçəsində məğrur duruşu düşmənə göz dağıdır!

Bu, 105 yaşlı Azərbaycan Respublikasının ad gününə möhtəşəm hədiyyədir! Eyni zamanda Prezidentin Laçına səfəri, çoxsaylı təməlqoyma və açılışlar, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması kimi tarixi hadisə dövlət başçısının Müstəqillik Günündə xalqa hədiyyəsidir.

Vətən müharibəsinədək Laçını Azərbaycana qaytarmağı “ağıllarının ucundan”  belə keçirməyənlər bu gün Azərbaycanın Laşın Sərhəd Nəzarət Məntəqəsini həzm edə bilmirlər. Bəlkə də anlaşılandır. Havalanıblar, dəli olublar bu reallıqdan, axı onlar başqa planlar qurmuşdular. İndi Laçında, Həkəri qapısında Azərbaycan sərhədçisi və gömrükçüsünün nəzarəti altında hərəkət etməli olurlar, həm də Azərbaycan qanunlarına tabe olurlar!  Azərbaycan Prezidenti bəyan edib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır! Sonrakı xəbərdarlıq: “Əfsuslar olsun ki, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək, onları xilas edəcək, kimsə gələcək, Azərbaycanla müharibə edəcək. Bunlar hamısı cəfəngiyyatdır”.

Bəli, ermənilər gərək dərs götürsünlər. Unutmasınlar: Prezident Əliyev hətta 11 il əvvəl Laçın sakinləri ilə, məcburi köçkün statuslu insanlarımızla görüşündə onların öz yurdlarına qayıdavcağını əminliklə söyləmişdi və budur, artıq o hadisənin şahidləriyik, həm də Qarabağdakı ermənilər uzaqdan baxırlar, köks ötürüb, mağmın vəziyyətdə. Bilsinlər ki, heç nə təsadüfən deyilmir, deyildisə, bir gün təsdiqini tapır, ona görə də özlərini yığışdırsınlar, əgər ölkəmizdə normal yaşamaq niyyətləri varsa? Əksini dövlət başçısı əvvəldən deyib: “Yol açıqdır!”

Ötən əsrin əvvəllərində Azərbaycan dövlətini quran kişilər yolu məlum səbəblərdən yolu başa çatdıra bilmədilər. Bunun bir səbəbi də o oldu ki, Qarabağda yenidən silaha sarılan və dövlətimizə xain zərbələr quran erməni daşnakları Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun bu istiqamətdə səfərbər olunmasına nail oldular, şimal sərhədimizi qorumaq üçün cəmi 350 əsgərimiz qalmışdı…Bu gün Xankəndi və ətrafdakı bir ovucluq erməni separatçıları, terrorçuları yenə də mənfur sələflərinin 103 il əvvəlki xain planlarını icra etmək üçün fürsət gəzirlər, yarasa kimi qaranlıqda gizləniblər, fürsət gözləyirlər. Amma qüdrətli Azərbaycanın qalib Prezidenti növbəti dəfə Laçından xəbərdarlıq etdi. SON xəbərdarlığa çox bənzədi. “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamaq üçün addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oytamalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”. Çox ciddi xəbərdarlıqdır, hətta əməliyyatöncəsi xəbərdarlığa çox bənzəyir. Gerisayım başladı, demək də olar. Davamı da var. Sitat: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.  Və…Davamı da var, separatçılar üçün yaddaş üçün: Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil qutusuna atmaq və oyuncaq “parlament”i buraxmaq! Təbii ki, silahların təhvil verilməsi öndə gələn tələbdir. Ondan sonra Azərbaycan dövlətinin əfvi-ümumisinə, amnistiya qərarına ümid edə bilərlər…

Ali Baş Komandan çıxış yolunu beləcə sıralayıb: “Hamı çox yaxşı bilir ki, bu gün bizim bu regionda (Qarabağda) istənilən əməliyyatı keçirmək üçün bütün imkanlarımız var. Ona görə də qondarma “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz postlarını tərk etməlidirlər. Yalnız bu halda onlara güzəşt ola bilər və amnistiyadan söhbət gedə bilər”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bütün hallarda sülh müqaviləsi artıq “bişib””.

Prezident İlham Əliyev dünən Laçın rayonunun sakinləri ilə görüşündə çox mühüm mesajlar verib. O bildirib ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Dövlətimizin başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Ölkə rəhbərinin fikirləri bir daha onu deməyə əsas verir ki, hazırda sülh bizdən daha çox İrəvana lazımdır: “Birincisi ona görə ki, Vətən müharibəsindən sonra regionda “oyun şərtlərini” Azərbaycan diktə edir. İkincisi isə faktiki olaraq Ermənistan təxribatlarına ara vermir və hər sabotaj cəhdi bu dövlətə baha başa gəlir. Məsələ ondan ibarətdir ki, tərəflər arasında sərhədlər hələ ki, müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına adekvat cavab verməklə yanaşı, həm də sərhədi özü müəyyənləşmək iqtidarındadır. Bu isə İrəvana üçün arzuolunan deyil. Bundan başqa, sülh müqaviləsinin imzalanması təkcə Ermənistanın xarici siyasətinə yox, həm də daxildəki vəziyyətinə təsir edir. Çünki ölkə daxilində Azərbaycanla normallaşma əlaqələrini istəyən və buna qarşı çıxan qütblər var. Proses uzandıqca onlar arasında gərginlik artır. Bu isə Ermənistandakı qeyri – sabitliyi daha da gücləndirir. Məlumdur ki, sülh müqaviləsində maraqlı olmayan üçüncü qüvvələr var. Zaman-zaman təkrarlanan təxribatlarda həmin qüvvələr də müəyyən rol oynayır. Amma bu, təxribatlara bəraət ola bilməz”.

Ermənistan hərbi-siyasi hakimiyyəti revanşist cəhdlərdən uzaqlaşmaqla yanaşı, həm də başqasının maşası olmamalıdır: “Maraqlıdır ki, bu günlərdə sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasına dair iddialar səsləndi. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu barədə bəyanatlar veriblər. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyouda keçirilən görüşündə müqavilənin imzalanması gözləniləndir. Əlbəttə, bu, sadəcə ehtimaldır. Müqavilə imzalanmaya də bilər. Hərçənd artıq regionda maraqlı olan bütün tərəflər başa düşür ki, sülh müqaviləsi qaçılmazdır və bunun alternativi yoxdur. Hamı bilir ki, rəsmi Bakı öz iradəsi nəticəsində maraqlarını təmin etməyə qadirdir. Əgər Ermənistan iddia edildiyi kimi, iyunun 1- də sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, onda gərək həmin vaxtadək hərbi-siyasi təxribatları olmasın, revanşist bəyanatlar verilməsin. Çünki bu kimi addımlar ancaq pozuculuq xarakteri daşıyır və İrəvanın səmimiliyini ciddi şübhə altına salır. Beləliklə, iyunun 1-də sülh müqaviləsinin imzalanması sadəcə iddiadır. Düşünürəm ki, bundan əvvəl daha bir neçə razılaşmanın əldə olunması da mümkündür. Lakin bütün hallarda sülh müqaviləsi artıq “bişib””.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

AZƏRBAYCAN ORDUSUNUN GÜCÜ DÖVLƏTİN QÜDRƏTİNİN GÖSTƏRİCİSİDİR

Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq. Xüsüsilə də Böyük Sərkərdəlik, Liderlik bacarığına malik dövlət başçımızın rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi qaçılmaz idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Regionun hazırlıqlı Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur. Bu, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu prosesinə xüsusi önəm yetirilirdi. Vurğulamaq yerinə düşər ki, milli ordu quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev hələ Sovetlər dövründə müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsini, zəngin hərb tarixinin canlandırılmasını, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsini, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsini hər zaman diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi idi ki, Sovet illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

CƏNUBİ QAFQAZ REGİONUNDA ƏN GÜCLÜ ORDU

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni – döyüş tapşırığını yerinə yetirməyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə öz gücünü göstərdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inamımız sonsuz idi. Nəhayət, həmin zaman yetişdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki