image-qanunla-reklam
image-350108720_105572759216475_8172734844236745221_n

Laçın şəhərinin Baş planı hazırlanıb

image-lady-day-az

Laçın şəhərinin Baş planı hazırlanıb.

Azərbaycanın rəşadətli ordusu qanı, canı bahasına öz torpaqlarını işğaldan azad etməyi bacardı. Xalq, dövlət, ordu birliyi öz bəhrəsini verdi.Ali Baş Komandan İlham Əliyevin uğurlu ordu quruculuğu ilə zəfərimizin təməli qoyuldu. Qələbələr ard-arda sıralandı, üçrəngli bayrağımız Qarabağ səmasını bəzədi. Azərbaycan Respublikası 2020-ci il dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu rəsmi şəkildə geri qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

İşğaldan azad olunmuş torpaqlarda yenidənqurma işləri başlandı, doğma torpaqlara mərhələli şəkildə qayıdış başlandı. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Birinci mərhələdə şəhərə 20 ailə köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Uzun illər yurd həsrəti ilə yaşayan məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Ali Baş Komandan İlham Əliyev 2023-cü il mayın 28-də Laçında olmuş, xalqının yanında olduğunu bir daha sübut etmişdir.

Qayıdışın mübarək LAÇIN!

Ruxsarə Ağayeva – Zərdab şəhər 2 nömrəli tam orta məktəbin müəllimi

 

Laçın rayonunun işğalı hamımız üçün böyük faciə idi.

 Laçın rayonu Azərbaycanın ən qədim, tarixi abidələrlə zəngin olan, təbiəti ilə insanı heyran edən bölgələrindən biridir. Strateji olaraq Laçın Ermənistan və Qarabağı birləşdirən Xankəndi-Laçın yoluna sahiblik edir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Birinci Qarabağ savaşında düşmənin ən əsas hədəflərindən biri də Laçını qısa zamanda işğal etmək istəyi idi.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil oldu.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edildi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər – 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törətmiş, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan etmiş, yandırmış, ağacları qırmış, ekoloji terrora əl atmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Laçında bütün lazımi şərait yaradılır.

Cənab Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərinə səfər edib. Səfər zamanı ölkə başçısı sakinlərlə görüşərək çıxış edib. Prezident qeyd edib ki, bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası var. Dövlətimizin başçısı deyib: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”. “Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır”. Cənab Prezident qeyd edib ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.

Bütövlükdə 7-8 ay ərzində 700 binanın inşa edildiyini vurğulayan Azərbaycan Prezidenti həm də vurğulayıb ki, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

28 May ikiqat bayramdır.

1918-ci il mayın 28- də Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyənnaməsindən göründüyü kimi bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, Dövlət Aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi,maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 28-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə Ümumilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan Dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

44 günlük ikinci Vətən müharibəsi zamanı Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad edildi və bayrağımız Qarabağda dalğalandı. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Laçın şəhərində olub və şəhərin baş planı ilə tanış olub. Şəhərdə bütün infrastruktur layihələr yenidən qurularaq İnsanların təhlükəsiz yaşaması üçün hər cür şəraitin yaradılacağını qeyd edib.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu.

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi. Heydər Əliyev 34 illik çoxşaxəli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, Ümummilli lider statusunu qazanmışdır. Onun möhkəm iradəsi, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan xalqını çox böyük faciələr gözləyirdi. 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilərdi.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.

Aygül Babayeva – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi

 

Güclü ordu qurmuşuq.

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində bütün sahələrin, o cümlədən Silahlı Qüvvələrimizin gücləndirilməsi dövlət başçısının gərgin və səmərəli fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Regiondakı istənilən yeri 48 saat müddətində nəzarətə götürə biləcək ordumuz Cənubi Qafqazda ən güclüdür.

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi “Günnüt” əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Eləcə də, tariximizə “Tovuz döyüşləri” kimi daxil olan hadisə isə qələbəmizə aparan yolun başlanğıcı oldu. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında misilsiz qəhrəmanlığı ilə qazanıldı. Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı “Azadlıq” meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin direktoru

 

 

Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli,milli ruhda tərbiyə almış gənc nəsil.

Cənab Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışında gənclik sahəsinə toxunaraq qeyd etmişdir ki, “Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.”

Həqiqətən 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi və tarixi torpaqlarımızda  üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.

Ordunun böyük qismini təşkil edən Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzusunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstərərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər:
Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün  ən yüksək  həddinə çatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı! Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu, xüsusi əməyi oldu. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Gənclər bizim qürur mənbəyimizdir.

Gülgəz Həsənova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki