image-qanunla-reklam
image-ilham-agilli-kend

İlham Əliyev və xanımı Füzulidə – Foto

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Qanunla.Az xəbər verir ki, səfər zamanı Prezident Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verilib.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoydu.

Onu da qeyd edək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verdi. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Prezident İlham Əliyevə kəndə yatırılacaq özəl investisiyalar və məşğulluq layihələri ilə bağlı da məlumat verildi. Bildirildi ki, burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Tarlada 20 daimi iş yeri yaradılacaq.

Kənddə biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.

Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.

Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”in təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Diqqətə çatdırıldı ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Prezident İlham Əliyev Mərkəzin təməlini qoydu.

Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki