image-qanunla-reklam
image-1462517462

Heydər Əliyevin yaşayan və yaşadan ideyaları

image-lady-day-az

Heydər Əliyevin yaşayan və yaşadan ideyaları

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.
Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır.
Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir.
Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən bu yorulmaz insanın gördüyü böyük quruculuq işlərinə bu gün tarixin prizmasından nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük abadlıq işləri getmiş, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi.
Ən əsası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

 

Azərbaycan xalqının Ümummilli Lideri

Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. XX əsrin 70-ci illərindən Azərbaycanın dirçəlişi, qurtuluşu, intibahı məhz fenomenal şəxsiyyət böyük Heydər Əliyevin böyüklüyünün məntiqi yekunudur.
XXI əsrin əvvəlindən isə bu tərəqqi, bu yüksəliş ulu öndər Heydər Əliyev siyasi kursunun, dövlətçilik institutunun ən layiqli aparıcısı, modernləşən yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyev ideyaları, bitkin siyasi praqmatizm, insan rifahına söykənən sosial siyasətin həyata keçirilməsi dövlət quruculuğunun siyasi fəlsəfi nəzəriyyəsidir. Bu siyasi fəlsəfə ulu öndər Heydər Əliyev milli inkişaf strategiyasının nəzəri konseptidir, təcrübi konsepsiyasıdır.

Şəhla Eminova –əməkdar müəllim

 

Heydər Əliyev və dövlət quruculuğu

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktor

 

Heydər Əliyev diplomatiyası

Bu gün müstəqil Azərbaycanın banisi olan,1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”. Düzgün qurulmuş xarici və daxili siyasət Azərbaycanın müstəqilliyinin əbədi olacağının sübutudur.

Aqil Məmmədov -Rayon Təhsil şöbəsinin baş məsləhətçisi

 

Azəbaycan xalqının ümummilli lideri Heydər Əliyevın vəfatindan 18 il ötür

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və
müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.
Dünya tarixində ağlın gücü, cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə iz qoymuş dahi insanlar olmuşdur. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!

Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru

 

Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.
Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.

Abuzər Xəlilov-Aşağı Seyidlər kənd sakini, ağsaqqal

 

 

Heydər Əliyev və azərbaycançılıq

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. …Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır”.
Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində — daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, ağsaqqal

 

Heydər Əliyev Fenomeni

Xalqımızın ümumilli lideri, dünya miqyaslı böyük siyasi xadim, dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi yer tutmuş Heydər Əliyev barədə bu günlərdə hər birimizin ürəyində deməyə kifayət qədər sözümüz vardır.
Deyirlər, dağın nə qədər uca və möhtəşəm olduğunu görmək üçün ona uzaqdan nəzər salmaq lazımdır. Heydər Əliyev duhasını da dərk etmək üçün onun yaşadığı günləri, illəri dərk etməli və bununla da onun möhtəşəm ucalığını duymalı, hiss etməlisən.
Heydər Əliyev dünya tarixinin Azərbaycanlı dahisidir. O, xalqının nadir tarixi simaları çərçivəsini aşaraq dünya tarixinin ən qüdrətli tarixi şəxsiyyətləri sırasında öz layiqli yerini tutmuşdur. H.Əliyev elə bir şəxsiyyətdir ki. onun nəhəng dövlətçilik fəaliyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün zəngin bir xəzinə, çox dəyərli bir irsdir. Öz xalqının böyük oğlu kimi o, nəinki doğma vətəninin və millətinin tərəqqisi üçün ,eləcə də Azərbaycanın dünya miqyasında layiqli yer tutması naminə çox böyük fədakarlıqlar göstərmişdir.
Müdrik rəhbərimiz insan ömrünün, həyatının mənası barədə belə deyirdi. “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Onun öz həyatını göz önünə gətirsək, bu həyatda keçdiyi ömür yolunun yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq – Azərbaycana. Canından çox sevdiyi Azərbaycan uğrunda hər cür zəhmətə qatlaşan ulu öndərimiz deyirdi: ”Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”.
Ulu öndərimiz bütöv, müstəqil Azərbaycan naminə və azərbaycançılıq uğrunda çalışmış, mübarizə aparmış və həmişə də qalib gəlmişdir. Heydər Əliyevin qeyri-adi bir qabiliyyəti də onun bütün sahələr haqqında dərin biliyə malik olması idi. O, iqtisadiyyatdan, siyasətdən, mədəniyyətdən, tarixdən, elmdən danışarkən əsl mütəxəssis təəsüratı bağışlayır və hər kəsdə heyranlıq doğururdu.
XX əsr Azərbaycan xalqına Heydər Əliyev kimi bir düha bəxş etmişdir. O, XX əsr tarix səlnaməsinin tale yüklü səhifəsinin yaradıcısı, aparıcısı olmuşdur. Bizim də xoşbəxtliyimiz ondadır ki, bu canlı əfsanə ilə bir zamanda yaşadıq və ondan çox şeylər öyrəndik. Təməli ulu öndərimiz tərəfindən qoyulan və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə inkişaf etdirilən Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni tərəqqisinin, inkişafının şahidinə və iştirakçısına çevrildik.
Biz daim ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi bir lider idi..
Azərbaycanda H.Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm “. Möhtərəm Prezitentimiz İlham Əliyev bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirdi.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

Xalqın Ümummilli Lideri

Azərbaycan xalqı dünya xalqları arasında zəngin mədəniyyəti, şərəfli tarixi ilə öyündüyü kimi, yetirdiyi qəhrəman övladları ilə də daim fəxr etmiş, qürur duymuşdur. O qəhrəmanlar ki, daim dar ayaqda elinə, obasına dayaq olmuş, həyatını xalqına həsr etmişlər.
Səbri, müdrikliyi, əzmkarlığı və millətinə, xalqına sonsuz sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu Öndər Heydər Əliyev…. Mənə elə gəlirdi ki, tanıdığım, mənə doğma, yaxın bir şəxsiyyət haqqında yazmaq o qədər də çətin olmayacaq. Lakin haqqında yazılanları oxuduqca, gördüyü böyük işlərə nəzər yetirdikcə bu şücaəti, bu əzəməti qələmə almağın nə qədər çətin olduğunu anlayıram. Çətinliyi qədər qürurverici olduğunu düşündükcə isə həvəslənirəm. Yaxşı dərk edirəm ki, Ulu Öndərimin həyatı və fəaliyyəti nəhayətsiz bir ümmandır. Ümmanın suyunu qətrə-qətrə boşaltmaq mümkün olmadığı kimi, kiçik bir çıxışın mətnində Heydər Əliyevin həyat və fəaliyyətini tam əhatə etmək qeyri-mümkündür. Bir sözlə, ürək dolu, qələm isə acizdir.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir. Ondan öncəki qəhrəmanların, sərkərdələrin heç biri bu titulu daşımamışdır. Çoxmillətli ölkəmizdə məhz xalq tərəfindən bu titul ilk dəfə Heydər Əliyevə verilmişdir. O, lider olduğunu işi, əməli, zəkası, xalqına sədaqəti ilə həyatı bahasına sübut etmişdir. Azərbaycan adlı bir gəminin mahir kapitanı kimi onu qayalara çırpılıb məhv olmağa qoymadı. Quduz, sərt dalğaların arasından məharətlə çıxarıb, işıqlı, xoş gələcəyə inamla yol aldı. Bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurları, siyasi sabitliyi, elm, təhsil nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan, Heydər Əliyev zəkasına, müdrikliyinə borcludur. Bəzən televiziya ekranlarından dünyanın müxtəlif ölkələrində Ulu Öndərimizə ucaldılan abidələri, adını daşıyan parkları seyr etdikcə fəxarət hissi qəlbimi bürüyür. Onunla eyni bir xalqın, eyni bir Vətənin övladı olmağımla qürur duyuram. Onun azərbaycanlı olması ilə qürur duyduğu kimi!
Heydər Əliyev haqqında dünyanın əksər siyasi liderləri fikirlər söyləmiş, heç biri heyrətini gizlədə bilməmişdir. Hamı onun qətiyyətini, dahiliyini, uzaqgörənliyini etiraf etməyə məcbur olmuşdur. Bu mənada ABŞ-ın sabiq prezidenti Bill Klintonun dediyi sözlər bunun bariz nümunəsidir. “Heydər Əliyev nəinki Azərbaycanı və ABŞ-ı, hətta bütün dünyanı idarə edə biləcək siyasi liderdir”.
Bəli, o bütöv bir şəxsiyyət idi. Sözü ilə əməli bir olan şəxsiyyət. Bütün ömrünü xalqına həsr etdi. İçindəki pak arzuları ilk fürsətdə reallaşdırdı. Dövlət müstəqilliyi, uğurlu neft strategiyası, daxili sabitlik, cəbhədə tökülən qanların kəsilməsi… yazmaqla bitməyən böyük tikinti-quruculuq işləri onun illərlə qəlbində daşıdığı, sonra isə həyata keçirdiyi arzuları idi. Öz xalqını tanıyan, ona inanan Ulu Öndər bugünkü yüksəlişin möhkəm əsasını qoymaqla inanırdı ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”.
Bu gün Heydər Əliyev özü Azərbaycanın üfüqlərində doğan bir günəşdir. Öz əli ilə çəkdiyi möhtəşəm Azərbaycan adlı əsərinə onun kimi yeni naxışlar, cizgilər əlavə edən prezidentimiz İlham Əliyevin yoluna işıq saçır. Ölkəmizin xoşbəxt gələcəyi üçün bəslədiyi arzularının reallaşdığını gördükcə ruhu sevinir. Çünki yanılmadığını, ölkənin etibarlı əllərdə olduğunu görür.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 2003-cü ildən keçən on səkkiz il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir.
Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
Rahat uyu, Ulu Öndərim! Sənin yolunu davam etdirən hər bir gənc günü-gündən gözəlləşən, inkişaf edən Vətənimizin rifahı üçün İlham Əliyevin ətrafında birləşərək, müstəqilliyimizin əbədi olmasını təmin edəcəkdir.
Vaxtilə Ümummilli liderimizin imzaladığı kontraktları qısqanclıqla qarşılayan bədxahlarımız, bugünkü yüksəlişi gördükcə çox güman ki, utanır, bu uzaqgörənliyin qarşısında aciz qalırlar. Şair demiş:
Dosta fəxarət gəlir,
Gözü kor olur yadın.
Bəli, bədxahlarımıza ən tutarlı cavab bugünkü Bakımız, yeniləşən Azərbaycanımız, Qarabağımız, Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər, artan iqtisadi-mədəni, hərbi-siyasi qüdrətimizdir. Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. Demək yolumuz düz yoldur. Onu daha da inkişaf etdirmək lazımdır.
Bu gün bizi Ulu Öndər yoxluğundan 18 il ayırır. Bu bir cismani yoxluqdur. Onsuz da hamı nə vaxtsa həyatdan gedəcək. Ancaq Heydər Əliyev kimi insanlar əbədi xatırlanacaq, Vətəni, xalqı yaşadıqca o da insanların qəlbində yaşayacaqdır. Necə deyərlər, “Dahilər ölmür, onlar dünyasını dəyişir”.
Bu məqaləmdə Ulu Öndərə olan məhəbbətimi bəlkə də tam əks etdirə bilmədim. Çünki əvvəldə qeyd etdiyim kimi bəzən qələm bütün hiss və duyğuları ifadə edə bilmir. Həqiqət isə budur ki, Heydər Əliyev Azərbaycanın səmasında sönməz günəş, bütün gələcək uğurlarımızın qarantı və ilhamvericisidir.
Ulu Öndərim! Azərbaycan var olduqca sən də yaşayacaqsan!

Memarı olduğun Azərbaycanın,
Nə qədər adı var yaşayacaqsan.
İnsana nur verən Ulu Tanrının,
Sönməz günəşitək parlayacaqsan!

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.
Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini hədəfləyən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması kimi bir çox müasirlərinin xəyalına belə gəlməyən tarixi addımlar Azərbaycanın gələcək nəsillərinin vətənpərvər insan kimi yetişməsi üçün əvəzolunmaz töhfələrdir.
Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.
Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-cı illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.
Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışıb.
Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

HEYDƏR – XALQ, XALQ-HEYDƏR SEVGİSİ

Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnəkdir. Heydər Əliyev dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olmuşdur: Alman filosofu Şopenqauerin belə bir deyimi var ki, dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır. Heydər Əliyev istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, görə bilmədiyi elə bir işlər görmüşdür ki, bu işlərin xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq.
Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır: Bu gün də həmin siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəltmişdir. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev yerinə yetirmişdir. Buna görə də, biz bu gün Ulu Öndərimizin məzarını tamamilə başqa bir əhval-ruhiyyədə, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi ziyarət edirik. Bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhları şaddır.
Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, Şərqə Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. “Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki