image-qanunla-reklam
image-1655826547701710867_1000x669

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə də Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edib

image-lady-day-az

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə də Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edib

 

Özbəkistan Prezidenti Şav­kat Mirziyoyev də Daşkənddə Heydər Əliyev Meydanının açı­lış mərasimindəki çıxışında ulu öndərimiz dahi şəxsiyyət kimi yüksək dəyərləndirib: “Biz ha­mımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanı­yırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib”.

Özbəkistan Prezidenti daha son­ra deyib ki, Heydər Əliyev həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.

Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşadığını xatırladan Prezi­dent Şavkat Mirziyoyev vurğulayıb ki, bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxla­yıblar.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə də Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edib. Ölkə rəhbəri 2004-cü il martın 23-24-də Özbəkistanda dövlət səfərində olub. Səfər çərçivəsində “Azərbaycan Respub­likası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə hər iki ölkə tərəfindən keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə dəstək ifadə olunub.

Burada bir mühüm məqamı da xatırlatmaq yerinə düşər ki, Özbəkistan BMT Baş Assamble­yasında 2008-ci il martın 14-də səsverməyə çıxarılan “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Ümumiyyətlə, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Xatırladaq ki, 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qaraba­ğın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrın­da İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şura­sının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Azərbaycanla Özbəkistan tarixən bir-birinə bağlı olub. Ötən əsrin 30-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Həmin əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra isə Azərbaycan paytaxt Daşkəndin bərpasında da fəal iştirak edib.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki