image-qanunla-reklam
image-2443530

Azərbaycan haqq işinin müdafiəsini bundan sonrakı dövrdə də həyata keçirəcək

image-lady-day-az

Azərbaycan haqq işinin müdafiəsini bundan sonrakı dövrdə də həyata keçirəcək

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb. Bu görüş böyük rəmzi məna daşıyır. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Prezident İlham Əliyev görüş zamanı yaranmış yeni reallıqlarla, bölgənin gələcəyi və Ermənistanda revanşist qüvvələrlə bağlı aydın mesajlar verdi. Ali Baş Komandan hərbçilər qarşısında onsuz da 44 gün ərzində məhv edilmiş Ermənistan ordusuna xəbərdarlıq etdi – hər hansı kiçik bir səhv Ermənistan ordusunun tamamilə məhvinə gətirib çıxaracaq. Ali Baş Komandan nitqində, Ermənistanın havadarlarına və ikili standartlarla Azərbaycana qarşı riyakar münasibət göstərən qüvvələrə də açıq mesaj verdi. Bildirdi ki, Azərbaycan haqq işinin müdafiəsini bundan sonrakı dövrdə də həyata keçirəcək. Aparılan düzgün xarici siyasət nəticəsində mövqelərimiz kifayət qədər güclənib, beynəlxalq təşkilatlarda nüfuzumuz artıb, dostlarımız çoxalıb. Biz bunu müharibə zamanı haqq işimizi qoruyan dövlətlərin timsalında gördük. Birinci Qarabağ müharibəsi zamanı ərazi işğalına məruz qalan Azərbaycan, eyni zamanda, bir çox dövlətlərin və bəzi təşkilatların qərəzli münasibəti ilə üz-üzə qalırdı. İkinci Qarabağ müharibəsi zamanı da belə cəhdlər olsa da, güclü Azərbaycan dövləti və onun rəhbəri bütün təzyiqlərin qarşını aldı, ədalətli mövqeyimiz hər kəs tərəfindən qəbul edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirdi. Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Prezident cənab İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

Əldə olunmuş qələbə ədalətin təntənəsidir

Bu gün qürurla deyə bilərik ki, İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaq. Bu, Azərbaycan xalqının əyilməz ruhunun, Vətəninə olan sevgisinin təntənəsi idi və tariximizə qızıl hərflərlə həkk olundu.
Vətən müharibəsində qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb.
İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı, Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Heç şübhəsiz ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Bu mənada, milli qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan Qələbə ədalətin təntənəsi idi və bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.
44 günlük Vətən müharibəsi şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirdiyi kimi Azərbaycan bundan sonra müzəffər ölkə, Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq. Çünki Azərbaycan Ordusu Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovdu, Ermənistan ordusu məhv edildi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. Artıq Ermənistan tam dərk etməlidir ki, Azərbaycan istənilən hərbi vəzifəni icra edə bilər və onu heç kim dayandıra bilməz.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və ölkəmizin hərbi qüdrəti durmadan artır.
Müasir texnika ilə təchizat, keçirilmiş təlimlər, hərbi sənayenin yaradılması, ordumuzun döyüş potensialının və maddi-texniki bazasının gücləndirilməsi məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Söz yox ki, Azərbaycan bundan sonra da güclənəcək, o cümlədən hərbi gücü də artacaq. Müharibədən sonra yeni müqavilələr imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların alınması prosesi başladı. Azərbaycan II Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, hərbi gücünü daha da artıracaq. Ermənistanın isə nəinki hərbi gücünü, dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, sosial-iqtisadi vəziyyəti də bərbad olaraq qalacaq.
Cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, biz ərazilərimizdə ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verməyəcəyik. Təbii ki, bu, belə də oldu. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bu gün azad olunmuş ərazilərimzidə icra olunan işlər onu deməyə imkan verir ki, Qarabağ torpaqları cənnətə çevriləcək. 30 ilə yaxın əziyyət çəkən qaçqın və köçkünlərimiz öz doğma yurdlarına tezliklə qayıdaraq layiqli həyat yaşayacaqlar. Bütün bu uğurlara imza atmağımızın əsasında Prezident İlham Əliyevin nəyin necə, nə vaxt lazım olduğunu yaxşı bilməsi dayanır. Bütün işlər müəyyən olunmuş proqram və qrafik üzrə aparılır. Nəzərdə tutulmuş vaxtda da qaçqınlarımız öz doğma yurdlarına mərhələli şəkildə qayıdaraq firavan həyat quracaqlar. Azərbaycan Respublikası güclüdür, qalibdir və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir.
Bu gün qürurla deyə bilərik ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və ölkəmiz çoxəsrlik tarixi boyunca heç vaxt indiki qədər güclü olmayıb. Bu uğurun əsas təkanverici qüvvəsi isə xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam bəslənir. Müharibə və onun uğurlu nəticələri də xalq-iqtidar birliyini bir daha nümayiş etdirdi.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev demişdir “Davamlı sülhə nail olmaq qarşımızda duran prioritet vəzifədir”. Biz münaqişənin hərb yolla həll etmək istəsəydik 30 il gözləməzdik. Bu illər ərzində çox danışıqlar aparıldı ki, regionda sülh bərqərar edilsin, lakin Ermənistan rəhbərliyi hər danışıqda sülhdən boyun qaçırır və davamlı olaraq Azərbaycan sərhədində təxribat törədirdi. Azərbaycan ordusu hər zaman Ermənistanın təxribatına adekvat cavab vermişdir. Cənab İlham Əliyev bildirib ki, yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə sülhə nail olmaq olar. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. İmzalanmış bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Azərbaycan-Türkiyə qardaşlığı da 44 günlük Vətən müharibəsində özünü bir daha sübuta yetirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Tarixi zəfərin bizə qazandırdığı ən mühüm iqtisadi-siyasi üstünlüklərdən biri də məhz Zəngəzur koridorunun açılmasıdır. Bu hadisə Türkiyənin qısa dəhliz və sərfəli şərtlərlə Asiya məkanına çıxmasını təmin etməklə yanaşı, hər iki ölkənin iqtisadi imkanlarının genişlənməsinə səbəb olacaqdır. Koridorun fəaliyyəti siyasi münasibətlərin bərpasına qarant rolunu oynaya bilər. O cümlədən, Azərbaycan-Ermənistan münasibətlərinin dinc platformada davam etməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və regionda uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaqdır.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Beynəlxalq mövqelərimizi möhkəmləndirən ikitərəfli əlaqələr

Hər bir suveren dövlət beynəlxalq münasibətlərini, yəni özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın vəziyyəti, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasətdə milli maraqlara əsaslanır. Bütün dövrlərdə milli maraqların düzgün müəyyən edilməsində və onlara dönmədən riayət olunmasında uğurlu xarici siyasət xəttinin seçilməsi böyük rol oynayır. Dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət, ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqların müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir.
Müasir dövrdə hər bir demokratik dövlətin siyasəti vətəndaş cəmiyyətinin istəklərinin formalaşmış ümumi rəyinə əsaslanır. Milli maraqları ifadə edən bu ümumi rəyin ardıcıl və davamlı fəaliyyətə çevrilməsini isə dövlət həyata keçirir. Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə vaxtında reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən müstəqil siyasətə  malikdir. Həmin ideyalar ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə Prezident olduğu dövrdə yaradılmışdır. Bu siyasi xətt Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Milli maraqlar bir çox amillərin – siyasi, iqtisadi, hərbi, mədəni və ərazi amillərin təsiri altında formalaşır. XX əsrin əvvəllərindən başlayaraq səmimi xalq olmağımızdan istifadə edən mənfur ermənilər xalqımıza qarşı qırğınlar törətməyə başladılar. Ötən əsrdə xalqımızın başına gətirilən faciələr göstərdi ki hər bir dövlətin özünü müdafiə etmək və təhlükəsizliyini təmin etmək üçün güclü hərbi qüvvələri olmalıdır. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən ordu quruculuğu XXI əsrdə ölkəmizin dünyanın güclü ordularından birinə sahib olmasına səbəb oldu. Bu gücümüzü bir daha şanlı 44 günlük müharibə zəfərində dünyaya nümayiş etdirdik.

Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal

Yüksək texniki təminat Ordumuzu daha güclü etdi

Azərbaycan Ordusu!!! Bu ifadənin mahiyyətindəki əzəmət artıq onun faktiki mövcudluq qüdrəti ilə tamamlanır.
İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq. Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Şanlı qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq.
Prezidentimiz cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman vacib olmuşdur. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Bütün bunlar istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, yüksək döyüş hazırlığına malik  silahlı qüvvələr kimi dəyərləndirməsinə zəmin yaratdı.
Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialını gücləndirdi. Son illər yaradılmış hərbi zavodlarda çoxsaylı hərbi təyinatlı məhsullar istehsal olunaraq ordumuz təchiz edildi.
Bununla yanaşı, ən müasir texnika və silahlar alındı. Onların arasında yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri var. Bütün bunlar hərbi gücümüzü artırdı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında seçilən nadir ölkələrdən birinə çevrildi.
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı.

Famil Abbasov-Vətən müharibəsi iştirakçısı

 

 

Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzaladılar. Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanmış və Ermənistanın kapitulyasiya aktıdır. Sənəd tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Bəyanatda bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra tərəflər – Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Bütövlükdə 9 bənddən ibarət olan sənəd üç onillik ərzində davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bundan sonra hərbi müstəvidən siyasi müstəviyə keçirilməsi və respublikamızın ərazi bütövlüyünün tam təmin edilməsi mexanizmlərini özündə ehtiva edir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəhs olunan bəyanatın önəminə diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, bu bəyanatın tarixi əhəmiyyəti var. “Bu bəyanat bizim şanlı qələbəmizdir” deyən dövlətimizin başçısı vurğulayıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır”.
Xalqımızın bayram sevinci və Ermənistandakı xaos vəziyyəti kimin qalib, kimin məğlub olduğunu aydın şəkildə nümayiş etdirir
Son üç onillik ərzində Azərbaycan dövləti torpaqlarımızın 20 faizini işğal altında olması faktı ilə heç vaxt barışmayıb. Ölkəmiz həmişə birmənalı şəkildə bildirib ki, işğala məruz qalan Dağlıq Qarabağ, ora bitişik 7 rayon geri qaytarılmalıdır və əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun qaydada qoşunlarını həmin torpaqlardan geri çəkməzsə, Azərbaycan özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək. Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində növbəti genişmiqyaslı təxribata əl atması düşmən ölkənin bütün sədləri aşması demək idi. Tarixi ədalətə, beynəlxalq hüquqa sayğısızlıq göstərən işğalçı dövlət, onun rəhbərliyi cəzalandırılmalı idi. Beləliklə, özünün güclü Ordusuna güvənən Azərbaycan bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.
Güclü Ordumuz sentyabrın 27-dən etibarən başlanan əks-hücum əməliyyatını böyük uğurla həyata keçirdi və döyüş meydanında düşmənə layiqli dərs verdi. 45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi

Sentyabrın 27-dən başlanan 44 günlük müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.
Prezident cənab İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Cavid Nuriyev-Vətən müharibəsi iştirakçısı

 

İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır

Necə ki, ölkənin gücünü göstərən güclü ordudur, ölkənin əsas uğurlarından biri isə onun iqtisadi müstəqil olmasıdır. Azərbaycan dövləti iqtisadi müstəqil ölkədir.
İqtisadi müstəqillik dedikdə, ölkənin valyuta ehtiyatlarına, onun xarici borclarına, daxili məhsuluna və s. baxmaq lazımdır. Azərbaycanın xarici borcları ümumi daxili məhsulun 20 faizi belə deyil. Həmçinin, Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu 6 dəfə üstələyir. Azərbaycanın müstəqilliyindən sonra onun eyni zamanda iqtisadi cəhətdən də müstəqilliyi əldə etməsi böyük uğurdur. Çünki yeni dirçəlmiş dövlətin hər sahədə belə uğurlu və güclü olması onun rəhbərinin uzaqgörənliyindən və güclü siyasətindən xəbər verir.
Bizim hal-hazırkı vəziyyətimiz ölkəmizin iqtisadiyyatının necə müstəqil və güclü olması deməkdir. Bu güclü iqtisadiyyat sayəsində donor dövlət adını belə qazanmışıq. Bütün ölkələrin çətinliklə keçdiyi bu ağır pandemiya dövründə biz 30-dan çox ölkəyə kömək göstərmişik və bu ölkələr bizim dostlarımızdır.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir

Ermənistan dövləti illərdir başa düşmək istəmədiyi bir şeyi anlamalıdır ki, münaqişəli torpaq deyilən bir anlayış yoxdur. Dağlıq Qarabağ adlı ərazi vahidi yox, bu adda münaqişə zonası yoxdur. Onlar Dağlıq Qarabağ adlı çox xülyalar uydurublar. Bunlar isə artıq elə xülya olacaq qalacaqdır. Biz bu anlayışları xülyaya çevirdik. Gücümüz, qüvvəmiz və iradəmizlə qələbə çalaraq Qarabağın kimin əzəli torpağı olduğunu sübut etdik. İndi Ermənistanın ağlı varsa, bizimlə və qonşu dövlətlərlə yaxşı keçinər. Yoxsa, Ermənistan adlı dövlət belə xülyaya çevriləcək. Bu bizim gerçəyimizdir, biz qalib ölkəyik və istədiyimiz zaman, istədiyimiz anda hərbi qüvvələrimizlə istədiyimizi edə bilərik, bizi heç kim dayandıra bilməz.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

 

Tarix yazan Şanlı Ordumuz

Ölkəmizin tarix üçün olduqca qısa sayılan zaman kəsiyində böyük inkişaf yolu keçdiyi artıq dünya miqyasında qəbul olunan bir həqiqətdir. Bu inkişaf son 17 ildə Azərbaycan Ordusunda da özünü qabarıq bir formada büruzə verir. Elə ona görədir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirdi. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu. Ali Baş Komandanın  rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı əmindir ki, şanlı tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyev xalqımızı uğurlu gələcəyə apararaq  bu siyasəti növbəti illərdə də davam etdirəcək, respublikamız dövlət başçısının rəhbərliyi ilə gələcəyə doğru daha da  inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Ələkbər Kərimov-fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki