Artan beynəlxalq nüfuz.
Dəyişən, gərgin proseslərlə əhatələnən, böyük güclərin maraqlarının toqquşduğu bir dövrdə gənc dövlətimiz müstəqil, suveren bir dövlət kimi parlaq gələcəyə doğru inamla addımlayır. Belə bir mürəkkəb zamanda ölkə başçısının davamlı, dayanıqlı, milli maraqlara söykənən siyasəti xalqımızın və dövlətimizin tərəqqisinə, inkişafına xidmət etməkdədir. Məhz, prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət olaraq güclənir və dünya çapında öz sözünü deyə bilən bir gücə çevrilir. Bu gün Azərbaycan özünü müstəqil, güclü bir dövlət kimi təsdiqləyə bilib. Qarabağ kimi 30 il davam edən bir yaranın sağalması, ərazi bütövlüyümüzün bərpa edilməsi, qarşıya çıxan bütün çətinliklərə və təhlükələrə baxmayaraq problemin həll olunması Ali Baş Komandanın böyük siyasi məharətinin, qətiyyətli və dönməz iradəsinin göstəricisidir. Bütün dünya bu cəsarəti, bu məharəti gördü və qəbul etdi. Bu gün də dövlətimiz öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür. Sülhün və əməkdaşlığın tərəfdarı olan Azərbaycan beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə , region ölkələri və böyük dövlətlərlə etibarlı və qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa xidmət edən xarici siyasət həyata keçirir.
Mayisə Xəlilova -Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.