image-qanunla-reklam
image-1605598738_resize-92

Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq

image-lady-day-az

Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq

Azərbaycan əsgəri Vətən müharibəsi günlərində tarix yazdı
Azərbaycan xalqının tarixi yaddaşına beş min illik dövlətçilik şüuru hakimdir. Bu səbəbdən də tarixin müxtəlif dönəmində işğalçılara qarşı döyüş və müharibələrdə əzmi, əyilməzliyi sayəsində bir millətin qəhrəmanlıq irsi çırağını yandırmağa müvəffəq olub. Azərbaycan dövlətinin və xalqının böyük qəhrəmanlıq və qibtəedici şücaət tarixi isə 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəsi ilə yazıldı.
Dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi. Qəhrəman ordumuz canı-qanı, yüksək döyüş əzmi sayəsində torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində bu barədə deyib: “Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik”.
“Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitində həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun modernləşdirilməsi prosesinə imza atması Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması faktı bunun konkret ifadəsidir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

İkinci Qarabağ müharibəsində həlak olanların, ümumiyyətə bütün şəhidlərimizin xatirəsinin anılması və uca tutulması hamımızın borcudur.

Milli Ordumuzun XXI əsrin ən müasir silahlarından istifadə etməklə Qələbə qazanması əksər dünya dövlətləri tərəfindən gözlənilməz oldu. Lakin bu, Azərbaycan xalqı üçün gözlənilməz deyildi. Çünki ümummilli lider Heydər Əliyevin bütün çıxışlarında xalqımızın işğalla heç zaman barışmayacağı, torpaqlarımızı öz gücünə işğaldan azad edəcəyini xüsusi vurğulaması xalqın qələbəyə inamını daim artırmışdı. Vətən müharibəsi günlərində qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi, Pakistanın və digər dövlətlərin bu dəstəyə qoşulması Azərbaycanın haqq işinin beynəlxalq aləmdə əvvəlki illərə nisbətən daha güclü müdafiə olunmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” söyləməsi erməni təxribatlarına cavab üçün əlverişli vaxtın düzgün seçilməsində təsdiqini tapdı. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı cavab olaraq hərbi əməliyyatlara başladı və 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla 30 ilə yaxın işğala son qoydu. Bu möhtəşəm Qələbə ilə Azərbaycan xalqı işğala məruz qalmış xalqdan qalib xalqa çevrildi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər 44 günlük İkinci Qarabağ müharibəsində həlak olanların, ümumiyyətə bütün şəhidlərimizin xatirəsinin anılması və uca tutulması hamımızın borcudur. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.
Xalqımız Anım Gününə işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri, Şuşaya qısa müddətdə çəkilən “Zəfər yolu”, iqtisadiyyatımızın, ordumuzun daha da gücləndirmək, qardaş Türkiyə, Pakistan ilə dostluq, qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək və xalqda vətənpərvərlik duyğularını daha da gücləndirmək amalı ilə gedir. Ölkəmizin hər qarış torpağını müqəddəs sanıb, məhz şəhidlik zirvəsini şərəf bilən, bizlər tərəfindən haqqı ödənilməyən Vətən övladlarını Anım Günündə bir daha minnətdarlıqla yad edir, ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi, rəşadətli Ordunun Müzəffər Ali Baş Komandanını, xalqımızı qorusun”.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə addımlaması qürurverici idi

“Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsi şərəfinə ötən il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisədir”.
Vətən müharibəsinin hər günü şanlı tarixdir: “Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Xalqımız məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti nəticəsində möhtəşəm Zəfər qazandı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında ağır məğlubiyyətə uğratdı. Ermənilər uzun illər ərzində ordularının yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, eyni zamanda bu mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında tab gətirə bilmədi’.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

“Qənimət kimi ələ keçirilmiş düşmən texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss edib: “Qardaş Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi və qələbəyə inamımızı daha da artırdı. Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür. Ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdı. Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanında addımlaması xalqların tarixində əbədi qalacaq qürurverici hadisə idi. Həmin gün ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığını göstərir”.
Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qismi nümayiş olunub: “Qənimət kimi ələ keçirilmiş düşmən texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir. Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da paradda nümayiş etdirildi”.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaq: “Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Prezident İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə uğurla həyata keçirilir”.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.

Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır.
Ümumilikdə, ölkəmizdə hərbi sahəyə göstərilən diqqət və qayğı güclü ordumuzun formalaşması ilə nəticələnmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı. Dövlət başçısı həmin gün mövcud vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai birliyinin sədri

 

 

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanuna uyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadiminə çevirir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf edən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda güclü müdafiə sənayesi kompleksinin yaradılması və inkişafı nəticəsində böyük zəfəri addım – addım yaxınlaşdırmaq mümkün oldu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 30 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.
Xalq Liderinin ətrafında sıx birləşdi, qəhrəmanlıq dastanı yazan rəşadətli Ordumuzun Vətən müharibəsində nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi.
Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi. Döyüş meydanında əməli təsdiqini tapan “Qarabağ Azərbaycandır və nida” həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri, dünyaya güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı söz sahibi olduğunun nümayişi oldu.
Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi.
İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

 

QƏLƏBƏNİN RƏMZİSİ ZƏFƏR PARADI

Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.
2020-ci il dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.
Bir il bundan öncə, 2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi.
Bu, ilk növbədə, hərbi qüdrətin nümayişi olaraq, dövlətimizin yerləşdiyi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi anlamını da verirdi. Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri nümayiş etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi – Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir” fikrinin arxasında daha mühüm və gələcəyə hesablanmış hərbi-diplomatik siyasət dayanır: “Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər.
O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi  idi.  Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin  imzaladığı birgə bəyanatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi monolitdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

QARDAŞLIĞIN ZƏFƏRİ

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar.
Azərbaycan-Türkiyə, iki qardaş, dost ölkə. Bu qardaşlıq və dostluğun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun indiki mərhələyə yüksəlməsində XX əsrin əvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı-faydalı əməkdaşlıq əsas rol oynamışdır. Belə ki, Türkiyənin Çanaqqala müharibəsindən başlayaraq bütün milli-azadlıq hərəkatı dövründə yüzlərlə Azərbaycan könüllülərinin döyüş cəbhələrində qəhrəmanlıq göstərməsi, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin ibrətli, unudulmaz səhifələridir.
Eyni dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdi. 1918-ci ildə Azərbaycan tarixinin ən ağır dövründə Bakının və işğala məruz qalmış digər torpaqlarımızın rus-erməni təcavüzündən azad edilməsi faktı Türkiyə-Azərbaycan birliyinin tarixi sənədidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onun suverenliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması və ondan əvvəl, keçən əsrin əvvəllərində Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizə aparan və məcburi şəkildə öz vətənlərini tərk etmiş olan mücahidlərimizə qucaq açması yaxın keçmişimizin yaddaqalan məqamlarıdır.
Yaxın tariximizin salnaməsini gözdən keçirdikcə bu cür faktlara, etiraflara, mülahizələrə daha çox rast gəlir, dili, dini, mədəniyyəti ortaq olan Azərbaycan-Türkiyə qardaşlığının zamanın sərt sınaqlarında bərkidiyinin, möhkəmləndiyinin şahidi olursan.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən ilin payızında başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Biz bu dəstəyi qələbədən sonra ötən ilin dekabrında Azadlıq meydanında keçirilən qələbə paradında da gördük. Əslində, Azərbaycan-Türkiyə qardaşlığının qələbəsi, nümayişi idi bu. Meydandan əzmlə, qürurla keçən Türk Silahlı Qüvvələrinin təmsilçilərinin Azərbaycan Ordusu ilə yanaşı addımlaması həm də bütün dünyaya mesaj idi. Atatürkün: “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” kəlamının nümayişi idi, həm də. Bəli, o gün türk əsgəri sevincimizi bölüşmək üçün burda, qələbə paradında idi.
Bu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də iki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri öz əksini tapıb. Ümumiyyətlə, bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.
Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də biz Türkiyənin dəstəyini görürük. Bir sözlə, bu gün Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Qardaş ölkənin başçısının Azərbaycana növbəti səfəri iki ölkə arasında sarsılmaz dostluğu bir daha dünyaya nümayiş etdirdi. Bu, həm də dünyaya daha bir mesajdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Hərbi qüdrətin nümayişi

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı. Bu qələbə xalqımızın mübariz ruhunu, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Dekabrın 10 da Bakının Azadlıq  meydanında Vətən müharibəsində qazanılan qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın , o cümlədən silahlanmaya yeni qəbul olunmuş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi  düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında Ermənistanın bu texnikaları heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Şəhla Eminova –əməkdar müəllim

 

 

Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə

Keçən ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi. Cənab prezident çıxış edərək  bildirdi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Eşq olsun Azərbaycan Ordusuna!
Bu gün bütün dünya görür ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktor

 

Qəhrəman Azərbaycan əsgəri və qələbə əzmi

Aparılan genişmiqyaslı islahatlar, silahlanmaya ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsi, bunlarla bir sırada irimiqyaslı təlimlər Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olmasını təmin edib. İndi ordumuz qüdrətli ordudur.
Müharibədə hər döyüşün öz qəhrəmanları olur. Müxtəlif vaxtlarda, müxtəlif vəziyyətlərdə olsa da, bütün qəhrəmanlıqların mahiyyəti eynidir: düşməni məğlub etmək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikirlər bizim də düşüncələrimizdədir, bu fikirlər təkcə müharibədə deyil, qələbədən sonra da düşüncələrimizin, yaşantılarımızın şüarı olacaq: “…bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyat, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır”.
2020-ci ilin sentyabr ayında növbəti dəfə atəşkəsi pozanda da, təmas xəttində, hətta dövlət sərhədində təxribatlar törətmək istəyəndə də, Azərbaycan əsgərinin ciddi, qətiyyətli müqaviməti ilə qarşılaşdı və nəticə etibarilə Vətən müharibəsində məğlub oldu. II Vətən müharibəsində  düşmənin sərhəd boyu dayaq məntəqələri dağıdıldı, döyüş texnikaları sıradan çıxarıldı, hərbi qulluqçuları məhv edildi. Bu məğlubiyyətdən sonra düşmən bir daha anladı ki, ordusu ordusundan, əsgəri əsgərindən zəif olduğu dövlətin torpaqlarından çıxmalıdır. Azərbaycan Ordusu düşmənin ordu hissələrini bu torpaqlardan birdəfəlik kürüyəcək. Düşmən bu məğlubiyyəti istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından Azərbaycan Ordusunun hərbi qulluqçularından zəif olduğu təəssüfüylə yaşadı.
İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması idi.
Paytaxtımızda təşkil olunmuş Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, düşmənin məğlubiyyətini göstərir. Qələbənin səbəbkarı isə 44 gündə birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirən Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir.

Aqil Məmmədov – Rayon Təhsil şöbəsinin baş məsləhətçisi

 

 

İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü

Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini, Qələbə gününü gözləyirdi və müharibə dövründə də xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək “Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin hər günü şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı”.
“Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsi idi. Belə ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olmuşdur. “Vətən müharibəsi göstərdi ki, Azərbaycanda ordu quruculuğu siyasəti düzgün aparılıb. Eyni zamanda, İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparılmış və siyasi müstəvidə vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə isə Azərbaycana sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmiş, Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı. Biz sözlə, Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı”.

Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru

Qanunla.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki