image-qanunla-reklam
image-interpress_5a7bea518fc7145d9b1d57613619abf8_rc2bij47pv31lazyn0gf-640x336

Ziyalılarımızın hüquqi savadsızlığı aradan qaldırılmalıdır!

image-lady-day-az

Bu gün hər kəsə məlumdur ki, Azərbaycan hüquqi dövlətdir. Bu kontekstdə 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi də Ümummilli Liderimiz Heydər Əliyevdir. O, hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Mərhum Prezident Heydər Əliyev öz hakimiyyəti dövründə tarixi-sosial ədalət siyasətini də uğurla davam etdirirdi. Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri –  QANUNLA verilib!

Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450-li fərman isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Qanuna əsasən, dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin ən azı 65%-ni özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. 2010-cu ilin rəsmi məlumatlarına görə, paylanan 8 milyon əmlak paylarından istifadə edilməyən 1 milyon 600 min özəlləşdirmə çeklərindən 600 mindən azı sahibkarların adında DEPO-da saxlanılır, qalan 1 milyon isə vətəndaşların əllərindədir.

Özəlləşdiriləcək dövlət mülkiyyətindən xalqa verilmiş miras əmlak payını təsdiqləyən dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinin dövriyyəsi (tədavülü) yalnız qanunla dayandırıla bilər. Xahiş edirik, oxuyandan sonra özlərini mütəxəssis adlandıran ekspertlər, hüquqşünaslar, siyasətçilərə başa salın və bu yazını onlara göndərin ki, özəlləşdirmə çekləri ilə bağlı prosesdə hansı hüquqi səhvlərə yol verildiyini bilsinlər və müsahibə verən zaman səhvlərə yol verməsinlər. Bu gün Konstitusiya və qanunla özəlləşdirmə çekləri hələ də qüvvədədir.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılmışdı. Ölkə başçısı İlham Əliyevin 23.12.2009-cu il tarixli fərmanına əsasən, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Lakin 2021-2022-ci illərdə ekspertlər və hüquqşünas alimlərin elmi-praktik araşdırmaları nəticəsində məlum olub ki, dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinin fərmanla tədavüldən çıxarılması hüquqazidd addımdır. Yəni özəlləşdirmə çekləri qanunla verildiyinə görə dövriyyəsi də qanunla tənzimlənir. Həm də ona görə ki, bu çeklər dövlət qiymətli kağızı olaraq mülkiyyət hüququnu tənzimləyir, Konstitusiyaya əsasən Prezidentin səlahiyyətlərinə aid deyildir. Əgər fərmanlar həqiqətən yüksək səlahiyyətə malikdirsə, bu halda özəlləşdirmə çekləri ilə bağlı məsələdə pozuntulara yol verən məlum fərmanların Konstitusiyanın hansı bəndinə uyğun olaraq verilməsi göstərilməlidir. Lakin məlum fərmanların heç birinin başında Konstitusiyanın hansı bəndində sözügedən fərmanların Prezidentin səlahiyyətinə uyğun olduğunu təsdiqləyən heç bir fakt yoxdur. Bunun səbəbi odur ki, 2000-ci ildə özəlləşdirmə çeklərinin tənzimlənməsi Qanunla (Fərmanla yox) qəbul olunacaq “Özəlləşdirmə Proqramı” ilə olmalı idi. Lakin həmin dövrdə deputatların HÜQUQİ SAVADSIZLIĞI və Konstitusiya Məhkəməsinin səhlənkarlığı nəticəsində Konstitusiya pozularaq 2000-ci ildə “Özəlləşdirmə Qanunu” qəbul olunarkən bəzi bəndlər ilə prezidentə Konstitusiyaya zidd və prezidentin səlahiyyətlərinə aid olmayan maddələr yazıldı. Bunlardan biri də mülkiyyət bölgüsünü və qiymətli kağızların dövriyyəsini tənzimləyən “Özəlləşdirmə Proqramı”nın FƏRMANLA qəbul edilməsidir. Dövlət Proqramını təsdiqləyən Fərmanın əsaslandırma hissəsinə heç bir Konstitusion əsaslandırmanın olmaması bu faktı bir daha sübut edir. Qiymətli kağızlar əmlak və mülkiyyət hüququ kimi məsələlərlə əlaqəli olduğuna görə ancaq qanunla tənzimlənir və Konstitusiya ilə prezidentin səlahiyyətinə məxsus deyil.

Hətta özəlləşdirmə çeklərinin tədavülü fərmanla dayandırılsa da, mütləq şəkildə kompensasiya ödənilməli idi.

Kompensasiya ödənilmədən özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması ikinci böyük hüquqi səhvdir və dövlətin vətəndaşlarına qarşı cinayətidir. Özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün qanunda iki qayda müəyyənləşir. Birincisi, Mülki Məcəlləyə əsasən bu çeklər dövriyyədən çıxarıldığı halda kompensasiyanın ödənilməsidir. Kompensasiyanın verilməsində inflyasiya nəzərə alınmalıdır. Çünki 1997-ci ildə 4 çekə düşən hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri ən azı 2000 dollar civarında qiymətləndirilmişdi. Bu, Əmlak Komitəsinin bu gün də qüvvədə olan 222 nömrəli əmrindən məlum olur. 25 illik inflyasiyanı nəzərə alsaq, hər əmlak payının inflyasiyadan qorunan əmlak dəyəri ən azı 20 000 dollar əmlak ekvivalenti təşkil edir. İkincisi isə dövlət qiymətli kağızı kimi özəlləşdirmə çekləri paylanıb yerləşdirildikdən sonra bütün özəlləşdiriləcək müəssisələrin 65 faizi qanunla vətəndaşların əmlak haqqı hesab olunur. Dövlət özəlləşdirdiyi əmlakın yalnız 35 faizini pulla sata bilər. Gələcəkdə “SOCAR”, “Azərenerji”, “Metropoliten”, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı özəlləşdiriləcək. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müəyyən bir dövr vardır. Bütün özəlləşdirilən dövlət müəssisələri Səhmdar Cəmiyyətlərə çevriləcək və özəlləşdiriləcək. Xalq isə buradan öz payını alacaqdır.

Gələcəkdə özəlləşdirilə bilən iri və orta müəssisələrin ümumi bazar dəyəri təxminən 200 milyard manatdırsa, bu vəsaitin 65 faizi təqribi 120-125 milyard manat civarındadır. Əhalidə qalan özəlləşdirmə payının sayı 1 500 000 ədəd təşkil edir. Çekə böldükdə isə 6 milyondur. Bu fonda 4 çekdən ibarət olan bir özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır. Bu məsələdə iqtisadçılar özəlləşdirmə paylarının real əmlak dəyərinin müəyyənləşdirilməsində müəssisələrin real dəyərini araşdırmalıdırlar. Nəticədə özəlləşdiriləcək iri və orta müəssisələrin ümumi bazar dəyəri 200 milyard manatdan yuxarı da ola bilər. Məbləğ 100 milyard manata yaxın endirilsə belə, özəlləşdirmə paylarına düşən real əmlak ekvivalenti 40 min manatdan aşağı olmur. Qanunla tədavüldən çıxarılmanın ikinci yolu 1993-cü ildə qəbul olunmuş, lakin bu gün də hüquqi vərəsəlik gücünü saxlayan “Özəlləşdirmə Qanunu”nun 19.1 Maddəsi ilə tənzimlənib.

Maddə 19. İnvestisiya fondları

1. Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu məqsədlə respublikada xüsusi (şəxsi) investisiya fondları da yaradıla bilər.

Bütün hallarda qanunlarla qoyulmuş qaydalara və Konstitusiyaya əsasən əlində mülkiyyət hüququnu təsdiqləyən özəlləşdirmə çeki qalan vətəndaşlar ya kompensasiya almalı idilər, ya da çeklərini İnvestisiya Fonduna qoyaraq divident götürməli idilər. Heç bir halda özəlləşdirmə çekləri Fərmanla adi kağız parçasına çevrilməli deyil. Bu çekləri adi kağız parçası kimi qələmə verməyə çalışan şəxslər hüquqi məsuliyyət daşıyırlar və bu məsələyə belə yanaşmaları gələcəkdə mütəşəkkil korrupsiya cinayəti kimi məhkəmə işinə səbəb ola bilər. İstənilən halda bu gün sözügedən səhvlər aradan qaldırılmalı və hakimiyyət orqanları məsələyə münasibət bildirməlidir. Çünki uzun müddətdir ki, çeklərlə bağlı problem mövcud olsa da, hələ də həll yolu tapılmayıb. Bu gün bəzi deputatlar zamanında etdikləri hüquqi səhvləri boyunlarına almırlar və hər şeyi fərmanla əlaqələndirirlər. Ona görə də Komissiya yaradılmalı və həll yolu göstərən deputatlar öz  əsasnamələrində insanların qanunla pozulan hüquqlarını Milli Məclisdə qorumalıdırlar.  İndiki məqamda əksər deputatlar da sahib olduqları özəlləşdirmə çeklərini evlərində saxlayırlar. Lakin səsləri çıxmır, vətəndaşları müdafiə etmirlər. Yaxşı olardı ki, bəzi ziyalılar da məsələni dərindən araşdırandan sonra öz düzgün mövqelərini bildirsinlər. Cənab prezidentin adına ləkə yaxmaq olmaz. O, hüquqşünas deyil. Çeklərlə bağlı problem Əmlak Komitəsi və Prezident Adminstrasiyasının hüquqşünaslarının, deputatların etdikləri səhvlərin nəticəsidir.

Onu da qeyd edək ki, ötən il Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib. Komitə kimsə özəlləşdirmə çeklərinin qiymətli kağız olduğunu deyərsə, onların hüquqi məsuliyyət daşıdığını qeyd edib. Halbuki Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız kimi qələmə verməsi cinayətdir. Çünki artıq hüquqşünaslar çeklərin adi kağız parçası olmadığını sübut ediblər. Artıq 2 ildən çoxdur ki, deputatlar da özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızlar olduğunu vurğulayırlar. Komitə sadə vətəndaşları hədələyirsə, bəs deputatları və hüquqşünasları niyə hüquqi məsuliyyətə cəlb etmir?! Əmlak Komitəsi öz səhvlərini boynuna alaraq, ölkə başçısını düzgün məlumatlandırmır. Deməli, bu proses məqsədli şəkildə həyata keçirilir, xalqın və cənab prezidentin əleyhinə atılan bir addımdır.

Mövcud vəziyyətdə özəlləşdirmə çekləri ilə bağlı problemin daim aktual qalması vətəndaşların öz haqqlarını tələb etməsinin bariz nümunəsidir. Hətta ictimai nüfuzlu şəxslər də vətəndaşları müdafiə edirlər və problemin həllinin vacib olduğunu vurğulayırlar.

Bu fonda Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyev hesab edir ki, Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə yeni özəlləşdirmə qanunu ən geci bu il – Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qəbul olunacaq. O, Ulu Öndərin tarixi sosial ədalət siyasəti və prinsipinə, eləcə də Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin layiqli davamçısı olmasına güvənir. Hüquqşünas builki “Heydər Əliyev İli”ndə sözügedən məsələnin öz həllini tapacağına inanır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevə görə, özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır.

Ötən il özəlləşdirmə çekləri ilə bağlı problemi parlamentdəki çıxışında vurğulayan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə çağırış edib ki, Azərbaycanda özəlləşdirmə prosesi çox qısa müddəti əhatə etdi. Sözügedən fərman imzalandıqdan sonra əhalinin əksəriyyəti “qara bazar”da öz çeklərini dəyər-dəyməzinə satışa çıxardı. Çünki müvafiq qurumlar əhalini maarifləndirmir, təbliğat işi aparmır, öz üzərinə düşən missiyanı icra etmirdi. 2011-ci ildə isə bu prosesə tamamilə yekun vurdular. Halbuki qanunda vaxt məhdudiyyəti nəzərdə tutulmayıb. Ona görə də əlində çeki qalan vətəndaşların hüquqları bərpa olunmalıdır.

Bir müddət öncə isə özəlləşdirmə çekləri ilə bağlı vəziyyəti, yüz minlərlə vətəndaşın ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciəti, “Heydər Əliyev İli”ndən gözləntilərin təhlilinə həsr olunan “Canlı Polemika” verilişi yayımlandı. Verilişdə vauçerlərlə bağlı məsələ müzakirə olunmaqla yanaşı, vətəndaş möqveyinə də toxunulub:

 

Özəlləşdirmə çekləri ilə bağlı hüquqi faktlarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki