Yunanıstanın Aleksandrupolis şəhərində dünən baş verən yanğınla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib, 13 kənd boşaldılıb.
“Qanunla.az” xəbər verir ki, dünən Aleksandrupolidə naməlum səbəbdən başlayan yanğın nəticəsində Cənubi Meriç bölgəsində minlərlə hektar şam meşəsi məhv olub, 9 ev və bir kilsə tamamilə yanıb, bir çox binaya ziyan dəyib.
Yanğın rayonda əkin sahələrinə, arı pətəklərinə və mal-qaraya ciddi ziyan vurub.
Fövqəladə vəziyyət elan edilib: 13 yaşayış məntəqəsi boşaldılıb. Feres-Dedeağaç yolu təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə bağlanıb.
Alexandroupoli şəhər mərkəzində səlahiyyətlilər, güclü tüstüdən təsirlənməmək üçün insanları pəncərələrini bağlayaraq evdə qalmağa çağırıb.
8 yanğınsöndürən və bir könüllü yaralanıb.
Yunan Polis Xidməti, Silahlı Qüvvələri və könüllülərin də yanğınsöndürmə briqadasına dəstək verdiyi yanğınsöndürmə işləri qurudan və havadan davam etsə də, bölgədəki təsirli güclü külək söndürməyi çətinləşdirir.