image-qanunla-reklam
image-yap

YAP-ın inkişafında yeni tarixi mərhələ

image-lady-day-az

YAP-ın inkişafında yeni tarixi mərhələ

Azərbaycanın siyasi böhranla, iqtisadi tənəzzüllə üzləşdiyi, xaos və anarxiya girdabında olduğu bir şəraitdə xalqımız ciddi seçim qarşısındaydı, taleyüklü məsələlər öz həllini gözləyirdi. Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri – ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli Liderimizə bağlanmışdı.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başladı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Quliyev Ayaz
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki