image-qanunla-reklam
image-1607597875862_xwtzsoqz_1607639304

Vətən müharibəsi və şanlı qələbə

image-lady-day-az

Vətən müharibəsi və şanlı qələbə

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistan ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirmişdi. Azərbaycanda vəziyyət hədsiz dərəcədə gərgin idi – ölkə vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Ulu Öndər Heydər Əliyev isə həmin dövrdə respublikamıza rəhbərliyi öz üzərinə götürdü və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Ümummilli Liderimizin başa çatdıra bilmədiyi işləri isə son 17 ildə onun layiqli siyasi varisi cənab İlham Əliyev eyni ardıcıllıqla yerinə yetirir. Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və videomateriallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni tam təslim olmağa məcbur etdi. Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başladı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki