image-qanunla-reklam
image-48649985

Vətən müharibəsi tarixi nailiyyətdir

image-lady-day-az

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin 27 sentyabrında başlayan, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir, danılmazdır.

Ölkəmizin Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha qədər müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmayıb, ümummilli əhəmiyyət kəsb etməyibdir.

Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir, Azərbaycan xalqıdır.

 

Aytac Məhərrəmli,

YAP Nizami rayon təşkilatının məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki