image-qanunla-reklam
image-uluonder-13-il_1494401715

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi real siyasi amilə çevrilib

image-lady-day-az

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi real siyasi amilə çevrilib

3 oktyabr 1993-cü il tarixi Azərbaycanın inkişaf tarixində yeni səhifənin açıldığı gündür. Məhz həmin gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi qurtuluşa aparan yolun ilk pilləsinə qədəm qoydu. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini bütün dünyaya nümayiş etdirdi.

Məlum olduğu kimi, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi yadda qalıb. Ölkə vətəndaş müharibəsinin bir addımlığında durmuşdu. Azərbaycan parçalanmaq, müstəqil bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Belə bir təhlükəli vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən kömək istəmək məcburiyyətində qaldı. Halbuki, əgər müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamaz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.

Ulu Öndər andiçmə mərasimindəki nitqində belə demişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Bu andına ömrünün sonuna qədər sadiq qalan Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış və nəticə olaraq qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdi.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki