image-qanunla-reklam
image-57852605_2269629763114798_3098800757827174400_n

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının  qəlbində əbədi olaraq yaşayacaq!

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının  qəlbində əbədi olaraq yaşayacaq!

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir.

Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir… Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.

 

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki