image-qanunla-reklam
image-trendyol77

Trendyol Azərbaycan bazarı üçün yüksək qiymətlər müəyyən edəcək? – MÜHÜM AÇIQLAMA

image-lady-day-az

“Trendyol-un Azərbaycana gəlişi, Trendyol və PAŞA Holdinq arasında anlaşma Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək? PAŞA Holdinq e-ticarət ekosistemində hökmran mövqeyə sahib olacaqmı? Trendyol-un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma PAŞA Holdinqlə anlaşma çərçivəsində gəlişi bir az gözlənilməz oldu”.

Qanunla.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

“Ötən günlər bu iki qurum İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalayıblar. Bu gəliş və anlaşma Azərbaycan bazarına necə təsir edəcək?

1. Trendyol kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər

2. Amma dərhal da qeyd edim ki, yalnız Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar, rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər.

Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı.

Əslində, digər xidmətlər təqdim etməyən, yalnız “aralıq” funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi

3. Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, Trendyol-dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər. PAŞA Holdinqin bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlıq da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq

4. Düşünmək olar ki, e-ticarət ekosistemində PAŞA Holdinqin , onun e-ticarət platforması olan Umico-nun xüsusi çəkisi artacaq. PAŞA Holdinq bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki, Trendyol üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi PAŞA Bankın ödəniş sistemi ilə reallaşacaq. PAŞA Holdinq və Trendyol anlaşmalarının Umico-nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan Umico daha geniş müştəri bazası əldə edə biləcək və s.

Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər. PAŞA Holdinq son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, Trendyol Yemək və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq. Qısası, gözləmək olar ki, bu cür davam etsə, PAŞA Holdinq Azərbaycanın karqo, fintex və e-ticarət sektorunda, hətta hökmran mövqeyə sahib olsun.

Belə olan halda isə holdinq antiinhisar qanunvericiliyin perimetrinə daxil olacaq.Yeri gəlmişkən, bu sövdələşməyə Antiinhisar Dövlət Xidmətinin də münasibəti maraqlıdır.

5. Əsas məsələ odur ki, görəsən Trendyol-un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq? Düşünmək olar ki, Trendyol.com-a daxil olmaq istəyənlər Trendyol.az -a yönləndiriləcək, görəsən vətəndaşlarımız burada əvvəlki qaydada sərfəli olan köhnə qiymətlərlə rastlaşacaqlar, yoxsa Trendyol Azərbaycan bazarı üçün yeni, baha qiymətlər müəyyən edəcək? Anlaşmanı imzalayan PAŞA Holdinq rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını da bildirib. Amma Azərbaycan bazarında olan bəzi brendlərin Trendyol vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik.

Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq” – O.Gündüz bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki