image-qanunla-reklam
image-ilham-erdogan-zengilan

Şanlı tarix bizim müştərək tariximizdir

image-lady-day-az

Vaxtilə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi  Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün Yer üzündə tayı-bərabəri olmayan örnək götürüləsi nümunədir. İki qardaş ölkə hər zaman bir-birinə köməkdir, arxadır, dayaqdır.
Bu sarsılmaz birliyin gücünə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu.  Müharibənin ilk günündən Türkiyə bütün dünyaya “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” xəbərdarlıq mesajını verdi. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi. 2020-ci il dekabrın 10-da Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.
Eyni zamanda Türkiyə Azərbaycanın Böyük qayıdışla bağlı planlarının reallaşdırılmasında da dəstəyini əsirgəmir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər. Ötən ilin 15 iyunu isə Azərbaycan-Türkiyə əlaqələrini daha uca zirvələrə daşıdı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.
Qardaş ölkələr arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək pilləyə qalxdı.  Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Vətən müharibəsinin qələbə ilə başa çatmasını qəbul edə bilməyən düşmən ötən müddət ərzində əlinə keçən hər fürsətdə ölkəmizə qarşı müxtəlif təxribatlara əl atıb. Ermənistan həmişə olduğu kimi, bölgədə sülhə mane olacaq davranışlar sərgiləyib. Amma Azərbaycan məkrli düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alıb. Həmin günlərdə hər zaman Türkiyə dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini nümayiş etdirib.  Ermənistanın bu il sentyabrın 12-də gecə saatlarından başlayaraq sərhədlərimizdə genişmiqyaslı təxribatlar törətməsi zamanı da Türkiyənin Azərbaycana böyük dəstəyini gördük. Qardaş ölkənin ən sıravi vətəndaşlarından, tanınmış ictimai xadimlərindən tutmuş dövlətin ən ali məqamında yer alan şəxslərinə qədər hər kəs Vətən uğrundakı savaşımızda bizimlə birlikdə həmrəy olduqlarını bir daha ifadə etdi.  Bir daha dünyaya bəyan edirlər ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir!

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki