image-qanunla-reklam
image-16jpg-1647339942

Rəngarəng folklor nümunəsi

image-lady-day-az

Rəngarəng folklor nümunəsi

Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ayin, etiqad, ənənə və mərasimlərlə bəzəmişdir. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni adət-ənənələr əmələ gəlib və nəsildən-nəsilə ötürülüb.Novruz bayramının zəngin tarixini və rəngarəng folklorunu özündə ehtiva edən papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürmək kimi adətlər bu bayramın əsas simvollarındandır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Baharın gəlişindən xəbər verən çərşənbələr Novruz bayramının əsas simvollarındandır. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir. İlin axır çərşənbələrindən ikincisi isə od çərşənbəsi adlanır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə-Topraq çərşənbəsidir. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Novruz bayramı hər il ölkəmizdə xüsusi coşğu ilə bütün ölkədə konsertlər, tamaşalar keçirilməklə qeyd edilir. Bu bayramın əsas simvollarından olan keçəl və kosanın tamaşası bayrama xüsusi maraq qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin mübahisəsinin rəmzi bundan ibarətdir. Novruz bayramı Azərbaycan incəsənətində də mühüm yer tutmuşdur. Xalqımızın dahi sənətkarları Novruz bayramı haqqında müxtəlif şeirlər yazmış, mahnılar bəstələmiş, filmlər çəkmişlər. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki