image-qanunla-reklam
image-_1653680791

Qarabağın bərpası və Böyük Qayıdış strategiyası

image-lady-day-az

Azərbaycan daim inkişafının səviyyəsinə və meydana çıxan çağırışlara uyğun olaraq yeni strategiyalar, proqramlar qəbul edərək perspektiv hədəflərini müəyyənləşdirir. Belə inkişaf modeli dövlət siyasətinin səmərəliliyini artırır, qüvvələrin və maliyyə vəsaitlərinin daha prioritet sahələrə istiqamətləndirilməsini təmin edir. Hazırkı dövr respublikamız üçün xüsusilə əlamətdar bir mərhələni təşkil edir. Ölkəmiz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Zəfərə imza ataraq ərazi bütövlüyünü təmin edib. Bu, respublikamız üçün mühüm çağırışlar deməkdir. Eyni zamanda, qlobal miqyasda da yeni trendlər müşahidə edilməkdədir. Prezidentimiz cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bütün bu kimi yeni reallıqlar və amillər nəzərə alınmaqla hazırlanıb. Sənədlə ölkəmizin qarşıdakı illərdə keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf modeli müəyyənləşdirilib. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2022-2026-cı, ikinci mərhələ isə 2027-2030-cu illəri əhatə edəcək.

Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən bir 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Yaxın 10 il üçün belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq insan öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. On illər boyu tikib qurduqları mülklərini itirən həmin insanlar üç onillik ərzində çətin şəraitdə yaşadılar, qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar düz üç onillik ərzində doğma torpaqlarına – Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.

Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Strategiyada Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Qeyd etmək yerinə düşər ki, güclü və məsuliyyətli dövlət olan Azərbaycan 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başladı. Ötən il bu məqdəslə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı.

Aradan az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Bu günlərdə qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə ilk ailələr köçürülüb. Yaxın vaxtlarda yeni belə layihələrin icrası da nəzərdə tutulub. Kəndlərlə yanaşı, böyük şəhərlərin də bərpasına start verilib. Artıq bir neçə şəhərin tikinti layihəsi hazırlanaraq Prezident cənab İlham Əliyevin iştirakı ilə geniş ictimaiyyətə təqdim olunub.

Prezidentimiz cənab  İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, eləcə də “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər yaradılıb. Prezident cənab İlham Əliyevin fərmanları ilə yeni qurumların yaradılması işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə güclü impuls verəcək. Deyə bilərik ki, əziz Qarabağımızın dirçəldilməsində keyfiyyətcə yeni bir mərhələ başlayır.İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı kifayət qədər güclüdür. Bol sulu, münbit torpaqlarla, təbii ehtiyatlarla zəngin olan işğaldan azad edilmiş ərazilərdə həm aqrar sektoru, həm də sənayenin müxtəlif sahələrini inkişaf etdirmək mümkündür.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin müəllimi- Həsənli Turanə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki