image-qanunla-reklam
image-teatr-1024x680

Pandemiya dövrü teatr və film sahəsinə necə təsir edib? – “Əksər insanlar teatra getməyə qorxacaqlar”

image-lady-day-az

Məlumdur ki, ölkəmizdə pandemiya dövrü hələ də davam edir. Pandemiya dövrünün ilk günlərindən bir çox sahələrdə qapanmalar olsa da, zamanla yumşalmalar müşahidə olundu. Qapanmalardan qurtula bilməyən sahələrdən biri isə teatr və kinoteatrların hələ də fəaliyyət göstərməməsidir. Əksər ekspertlərə görə, məhdudiyyətin davam etməsi bu sahədə mənfi nəticələrin daha çox artmasına səbəb olur.

Maraqlıdır ki, pandemiya dövrü teatr sektoruna və aktyorların ümumi vəziyyətinə necə təsir edir?

Mövzu ilə bağlı Azərbaycan Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyev Millitribuna.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdə teatrların fəaliyyət göstərməməsi vətəndaşları o qədər də narahat etmir. Çünki ölkəmizdə teatra maraq aşağı səviyyədədir. Pandemiya dövrü isə teatrdan fərqli olaraq, film sektorunun inkişafına müsbət təsir edib:

“Toy insanların şən günüdür və hər bir ailə bu mərasimi keçirmək istəyir. Lakin teatr və kinoteatrlara mədəni istirahət üçün gedilir. Əslində pandemiyadan əvvəl də teatrlara maraq az idi. Pandemiya dövrü bitəndən sonra da teatrlara axın az müşahidə olunacaq. Əksər insanlar teatra getməyə qorxacaqlar. Çünki teatr tamamilə qapalı məkandır. Əksər valideynlər belə öz övladının balaca, qapalı məkanlara getməsinin qarşısını alacaqlar. Məhdudiyyətlər tətbiq olunandan sonra insanlar teatrların deyil, iri ticarət mərkəzlərinin bağlanmasına və toyların keçirilməsinə icazə verilməməsinə etiraz edirdilər. Pandemiya dövründə insanların teatra marağını artırmaq üçün bir sıra addımlar atmışam. İnsanlarda teatr sevgisini aşılamaq üçün “zoom” proqramı ilə təmənnasız görüşlər keçirirdim. Görüşlərimin ali məqsədi teatrın həyatımızın güzgüsü olduğunu və insanlara psixoloji formada təsir edən bir incəsənət növünün olduğunu aşılamaqdır. Fikrimcə, teatrların fəaliyyətinə icazə verləndə “zoom” proqramı ilə keçirdiyim 200 görüşdə iştirak edən ümumi 20 min nəfərdən azı 100 nəfəri teatra gələrsə, deməli, 100 nəfər teatrsevər qazanmışam. Bununla yanaşı, autizm və daun sindromlu uşaqlarla onlayn məsafəli görüş həyata keçirdim. Bu görüş mənim üçün çox dəyərli oldu. Əslində teatrda tamaşaçı zərrə-zərrə qazanılır. Pandemiya dövründə açıq havada tamaşaların keçirilməsi ilə bağlı təklif irəli sürülmüşdü. Açıq hava gözəldir, amma bu cür havada oynanılan tamaşanın effekti yoxdur. Tamaşanın işığı, pərdəsi və digər qurğuların quraşdırılması açıq hava üçün əlverişli deyil.

Pandemiya dövründə aktyorlar tamaşa oynamadıqları halda belə aylıq məvaciblərini alıblar. Məvacibdən kənar görülən işlərə görə də əlavə gəlir əldə olunur. Əslində aktyor professional olmalı və hər sahədə özünü sınamalıdır. Pandemiya dövründə yumşalmalardan sonra dublaj sahəsinin fəaliyyətinə icazə verildi. Mən özümü dublyajda sınadım və qazanc əldə etməyə başladım. Baxmyaraq ki, Azərbaycanda dublyaja verilən qiymət çox bərbaddır. Pandemiya dövrünün film sektoruna təsirinə gəlincə, bu sahədə inkişaf gedib. Son vaxtlarda çəkilən “Sayrışan İşıqlar”, “Yuxu kimi” serialları və digər filmlər onu göstərir ki, bu sahədə canlanma yaranıb. Çünki teatr aktyorlarının əskəriyyəti vaxt məhdudiyyətindən dolayı film və seriallarda çəkilə bilmirdilər, lakin pandemiya dövrü həmin aktyorlar üçün vaxt qazandırdı”.

Pandemiya dövrünün film sektoruna təsirlərini dəyərləndirən aktyor Rəşad Kəsəmənliyə görə, sözügedən müddət ərzində serial sektoru öz fəaliyyətini davam etdirib:

“Artıq iki ildir ki, pandemiya dövrü davam edir. Restoranlarda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verilsə də, teatr və kinoteatrların fəaliyyətinə icazə verilməməsinin müəyyən səbəbləri var. Restoranlarda sosial məsafəyə əməl olunur, lakin teatr və kinoteatrlarda məsafəli oturmaq üçün 200 nəfərlik yerə 100 nəfər lazım olacaq. Bu, məntiqə sığmır. Hesab edirəm ki, məhz bu amil nəzərə alındığı üçün kinoteatrların fəaliyyətinə hələlik icazə yoxdur. Pandemiya dövrünün aktyorların ümumi vəziyyətinə təsirinə gəlincə, mövcud vəziyyətdən səmərəli istifadə oluna bilər. Bəzən aktyorların da özləri ilə baş-başa qalmasına və özlərini psixoloji olaraq inkişaf etdirməsinə ehtiyac yaranır. Pandemiya dövrü bu baxımdan bir fürsətdir. Pandemiya dövründə serial sektoru dayanmayıb və davam edir. Bu, aktyorların özlərini dinamikada saxlaması üçün bir fürsətdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki