image-qanunla-reklam
image-311820183_677438610402587_6012434684169052869_n

Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

image-lady-day-az

Azərbaycan ilə Gürcüstan  arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin  ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.  İki ölkənin  münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin  və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost  münasibətləri də  əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər.  Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.  Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Dövlət başçısı cənab İlham Əliyevin  oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində liderlərin  mətbuata birgə bəyanatları zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məqama xüsusi diqqət yönəldərək bildirdi:  “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.”

Dövlət başçısı cənab İlham Əliyevin və  Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan  Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın  uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir.

Cənub Qaz Dəhlizi  layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır.

Azərbaycan və Gürcüstan arasındakı bu əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək,  aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki