image-qanunla-reklam
image-nermin

Nərminin atası “Müharibə veteranı” adını necə alıb?

image-lady-day-az

Xəbər verdiyimiz kimi, 3 il əvvəl Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanova 18 il həbs cəzası verilib.

Bu gün – hökmün oxunduğu ərəfədə sosial şəbəkələrdə N.Quliyevanın atası Şərif Quliyevin hərbi xidmətdən yayınmasına baxmayaraq, “Müharibə veteranı” adı və vəsiqəsi alması ilə bağlı iddialar yayılıb. Paylaşılan sənəddə Ş.Quliyevin hərbi hissəni özbaşına tərk etməsi göstərilsə də, sonradan onun veteran statusu aldığı bildirilib.

Məsələ ilə bağlı Ş.Quliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib: “Bu gün İlkinə hökm oxunub, yayılan məlumatlar isə qarşı tərəfin işləridir. İnanmayanlar araşdıra bilərlər. Mən 1992-ci il avqust ayının 29-dan 1995-ci il fevralın 8-nə qədər Qazax rayonu “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşam. Bütün sərhədboyu ərazilərdə xidmət keçmişəm. Bütün sənədlərim də özümdədir. Veteran adını da yeni almamışam”.

O, məhkəmənin bugünkü qərarının ədalətli olduğunu deyib: “Bu qədər sübutlar, faktlar var, məhkəmə nə o yan-bu yan edə bilər. Məhkəmə bütün sübutları ortaya qoydu. İlkinin Nərmini necə saxlaması ilə bağlı özünün etirafı var. Hamısını ortaya qoyacağam, daha doğrusu, dövlət özü göstərəcək. O zaman hər şey məlum olacaq”.

İddia ilə əlaqədar Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. MN-dən bildirildi ki, iddianı dəqiqləşdirmək üçün vətəndaşın şəxsi məlumatlarının təqdim edilməsi vacibdir.

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda i.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki