image-qanunla-reklam
image-1607597875862_xwtzsoqz_1607639304

Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir

image-lady-day-az

Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib.
Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşməndən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi. Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və əraziləri düşmən tapdağı altından azad etməyə başladı. 2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki