image-qanunla-reklam
image-789858

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir

image-lady-day-az

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir.

 Azərbaycan cəmiyyətinin müharibəni necə yaşaması təbii ki, ilk növbədə ordunun uğurları, irəliləyişlərindən asılıdır. Azərbaycan ordusu Ali baş komandan cənab İlham Əliyevin əmrlərini uğurla yerinə yetirir, günbəgün irəliləyir, bunu rəsmi əsaslı sübutlarla əhaliyə göstərir. Təbii ki, bütün bunlar cəmiyyətin əhval-ruhiyyəsinə müstəsna müsbət təsir göstərir. Xalqın özünəinamını, optimizmini daha da artırır. Geri qaytarılmış hər kənd, qəsəbə, şəhər hər bir azərbaycanlının milli özünüdərkini möhkəmləndirir.
Azərbaycan ordusunun ən son silahlarla təmin olunması, yeni nəsil müharibə aparmaq iqtidarında olması, 2-ci Qarabağ müharibəsinin həm də dünyanın hərb tarixinə yeni səhifə yazması qarşı tərəfi demoralizə etdikcə, Azərbaycan tərəfi daha da ruhlandırır. Eyni zamanda müasir hərbi pilotsuz aparatların istifadəsi aydındır ki, bizim canlı qüvvəmizin nisbətən az itkilərlə irəliləməsini təmin edir.

Azərbaycanlıların inamınının möhkəmlənməsində ölkə Prezidenti başda olmaqla, aparıcı diplomatlarımızın yüksək peşəkarlığı, həm xalqa müraciətləri, həm də dünya ictimaiyyətinə açıqlamalarına son dərəcə peşəkarlığı və sərrastlığıdır. Bunun fonunda əks tərəfin səriştəsizliyi, açıq-aşkar yalanları kimin haqlı olduğunu bir daha göstərir.

Qarabağ münaqişəsinin həllinin fəal hərbi mərhələyə keçidi Azərbaycan xalqının olduqca yüksək səviyyəli həmrəyliyi, vətəndaş birliyini şərtləndirdi. Xalq öz gücünü həm də onda hiss etdi ki, vahid ideya, vahid amal cəmiyyət daxilində bəzi məsələlərdə fərqli mövqelərdə olanları da cəmləşdirdi, səfərbər etdi. Ayrı bir güc mənbəyi – xaricdə yaşayan azərbaycanlıların birləşməsi, hətta otuz il Vətəndən uzaqda yaşamasına baxmayaraq, qəlbi Azərbaycanda olan insanların saysız-hesabsız olması idi. Vəhdət hissi həm konkret əməli işlərdə – orduya yardım ətrafında yüzminlərlə azərbaycanlının birləşməsində, həm də internet məkanında fasiləsiz olaraq baş verməkdə olan informasiya müharibəsində yarandı. Qarabağ ideyası Azərbaycan xalqı üçün bütün sərhədləri aşan, etnik mənsubiyyət, din və milli sərhədlərin fövqündə olan məsələ kimi aktuallaşdı.

Azərbaycanın 2-ci Qarabağ müharibəsində kəşf etdiyi həm də Azərbaycan gəncliyi oldu. Bunu bir sıra müşahidəçilər də qeyd edir. Gəncliyin Vətən sevgisi, onun uğrunda çalışmaq – ön cəbhədən çəkinməmək, arxa cəbhədə həmvətənlərinə dəstək olmaq, yardımlaşma şəbəkələrini yaratmaq qabiliyyəti – bütün bunlar millətin özünəinamını, məğrurluğunu daha da artırdı. Gəncliyin kəşfi həm də gələcəyə ümidlərin möhkəmlənməsidir. Müharibə nəinki hərbi cəbhədə, ümumiyyətlə sosial həyatın bütün sahələrində insanların xalqın ümumi rifahı naminə nələrə qadir olduğunu real şəkildə üzə çıxardı. Millətin insan potensialı və bu potensialın miqyası müharibə şəraitində tam gücü ilə təzahür etdi.

Hazırda biz Azərbaycanda bütün peşə sahiblərinin – səhiyyə işçilərindən tutmuş, jurnalistlərə və iş adamlarına qədər müxtəlif insanların bir amal ətrafında birləşməsini görürük. Azərbaycan toplumuna xas və onu Ermənistan cəmiyyətindən fərqləndirən bir cəhət də azərbaycanlıların kədər və itkini necə yaşamasıdır.

Azərbaycan ordusunu irəliləyişlərinin hər qarışı öncəki müharibənin və millət olaraq ondan yaranmış mənəvi zərbənin yarasını sağaldır, o acını üzə çıxarıb ona bir növ məlhəm qoyur. Yaşasın Azərbaycan xalqının gücü və qüdrəti! Yaşasın həmrəylik!

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki