image-qanunla-reklam
image-agali

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

image-lady-day-az

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır.

Tarixi Zəfərimizdən ötən iki il  ərzində işğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında nəhəng tikinti meydanına çevrilib. Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan arasında fərq, ən əsası torpağın əsl sahibi ilə əsassız iddialarla bu torpağa sahib olmağa çalışan və 30 il ərazilərimizi işğal altında saxlayan arasında fərq özünü qabarıq şəkildə büruzə verir. Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistləri də bir o qədər müharibələrin və barbarlığın törədiciləridir.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman bu vandalizm aktlarının nəticələrini aradan qaldırmaq, tarixi və dini abidələrimizin bərpası prioritet məsələ kimi qarşıya qoyuldu. Baxmayaraq ki, ermənilər 30 ildə bu abidələri yerlə-yeksan edərək tariximizi silməyə, onları erməniləşdirməyə çalışdılar, amma dil açan faktlar onların illərdir apardıqları təbliğatın əsassızlığını dünyaya bəyan etdi.

Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin daha müasir şəkildə, yeni dövrün tələblərinə uyğun bərpasını qarşıya əsas vəzifə kimi qoyub: “30 il torpaq həsrəti ilə yaşayan, dövlətimizin onlara diqqət və qayğısı fonunda hər zaman öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımız üçün azad olunmuş doğma torpaqlarda hər cür şəraitin yaradılması ölkə Prezidentinin aidiyyəti qurumlara verdiyi əsas tapşırıqlardandır. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılmasına xidmət edən addımların atılması da deyilənlərin təsdiqidir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir. Dövlət başçısının bununla əlaqədar imzaladığı ilk Sərəncamın Şuşa ilə bağlı olması da təsadüfi deyildi. Cənab Prezidentin xüsusi nümayəndəliyi ilk olaraq Şuşada yaradıldı.

İşğaldan  azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində xarici ölkələrin, xüsusilə qardaş Türkiyənin şirkətləri də yaxından iştirak edirlər: “Ötən ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı da iki dost ölkənin birgə uğurudur. Bu layihə qısa zamanda hər iki ölkənin mühəndisləri tərəfindən inşa edilərək başa çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrası ilə tanış olmaları, həmçinin onların birgə iştirakı ilə rayonda “Dost Aqropark”ın təməlinin qoyulması da Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təqdimatıdır. Bu layihə iki qardaş ölkənin birgə sərmayə layihəsidir. Ümumilikdə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri müxtəlif sosial obyektlərin açılışı və təməlinin qoyulması ilə yadda qalır.

Bütün  bu acılara, törədilən təxribatlara baxmayaraq, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda irəliyə baxır, çağdaş tarixində yeni səhifə açaraq işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulmasının tezliklə başa çatmasına, Böyük Qayıdışın reallaşmasına, eyni zamanda, sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına səy göstərir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki