image-qanunla-reklam
image-xv

İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub

image-lady-day-az

Qarabağda aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır. Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır.

İşğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı yüzlərlə soyqırımı həyata keçiriblər. Aşkarlanan məzarlıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, öldürülmüş hərbçilərə, mülki şəxslərə aid olduğu qeyd edilir. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir. Minaların basdırılmasına görə hər yerdə qazıntı işləri aparmaq hələlik mümkün deyil. Lakin minalardan təmizlənmiş ərazilərdə qazıntılar nəticəsində belə məzarlıqlar aşkarlanır.

Kütləvi məzarlıqlar bir daha Azərbaycanın necə azğın düşmənlə üz-üzə qaldığını,  Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının necə kobud şəkildə pozulduğunu aydın göstərir. İnsanlıq əleyhinə törədilmiş bu cinayətlər erməni xislətini bir daha ortaya qoyur. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işlərinə başlayıb.

Ötən ilin aprelin 24-də Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirərək torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Məlum olub ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə hücumu zamanı  kəndi tərk edə bilməyən 62 nəfər kəndin ən hündür hissəsində yerləşən mağaralara sığınıb. Ermənilər 18 aprel tarixində bəzi şəxslərin qayalara sığındığı yerləri axtararaq aşkar edib və mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, müqavimət göstərə bilməyən 12 nəfər sığındıqları yerdə  öldürülüb, 14 nəfər isə girov götürülübdür. Ermənilərin əlindən  digər mağaralarda gizlənən 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, 12 may 1993-cü ildə gecə saatlarında  həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində də kütləvi məzarlıqlar aşkar edilib.

Prezident cənab İlham Əliyev xarici KİV-ə müsahibəsində, eyni zamanda beynəlxalq səviyyəli görüşlərində qeyd edib ki, Azərbaycan erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etsə də,  hələ ki cavab yoxdur. Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin  əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki