image-qanunla-reklam
image-312186108_674429614036820_1814489744681140878_n

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

image-lady-day-az

Yüksək əməkdaşlıq və tərəfdaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri bu gün də bütün sahələri əhatə edən geniş formada inkişaf etməkdədir. Dünya miqyasında Azərbaycanın ən böyük dəstəkçisi hər zaman Türkiyə dövləti olmuşdur. Türk dünyasında eləcə də, dünya çapında böyük nüfuza malik olan Türkiyə Cümhuriyyəti kimi bir dövlətin ölkəmizə hər cür dəstək verməsi, qardaş ölkənin, qəhrəman bir millətin xalqımıza, dövlətimizə münasibətinin əməli ifadəsidir. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi bir mesajdır.

44 gün davam edən, haqq savaşımızın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə də qardaş ölkənin mənəvi və diplomatik dəstəyi bir an belə azalmadı. Beynəlxalq səviyyədə, böyük güclərin nə qədər təzyiqi olsa belə, Türkiyə öz mövqeyindən geri çəkilmədi. Müharibədən sonrakı dövr ərzində bu əməkdaşlıq daha yeni iqtisadi perspektivlərlə davam edib, inkişaf etdirilməkdədir. Belə qürurverici hadisələrdən biri 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoganın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi oldu. Bu hadisə bir daha bütün dünyaya iki qardaş ölkənin birliyini, müttəfiqliyini nümayiş etdirdi.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edən əsas obyektlərdəndir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Zəngəzur Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci hava limanıdır. Belə bir üçüncü hava limanı Laçın rayonu ərazisində inşa olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki