Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan-Çexiya münasibətləri son illərdə həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də humanitar sahədə qarşılıqlı maraqlar üzərində inkişaf edərək daha konkret məzmun kəsb etməkdədir. Bu münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın Avropa ilə əməkdaşlıq strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Son dövrlərdə qarşılıqlı səfərlərin intensivləşməsi diqqəti xüsusi cəlb edir. Bakı ilə Praqa arasında yüksəksəviyyəli siyasi dialoq çərçivəsində həm hökumət nümayəndələrinin, həm də parlament üzvlərinin qarşılıqlı səfərləri həyata keçirilib. Bu səfərlər zamanı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub, konkret əməkdaşlıq istiqamətləri müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda yaranmış yeni reallıqlar fonunda Çexiyanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və postmünaqişə dövründə bərpa proseslərinə marağı xüsusi əhəmiyyət kəsb edir. Proseslər göstərir ki, iqtisadi münasibətlərdə enerji sahəsi aparıcı yer tutsa da, Çexiya şirkətlərinin Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələrinə marağı getdikcə artır. Çexiya tərəfi bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, su və tullantıların idarə olunması, alternativ enerji mənbələrinin inkişafı, həmçinin mühəndis-texniki infrastrukturun qurulması sahələrində iştirak imkanlarını nəzərdən keçirir. Bu baxımdan, Azərbaycanın yaratdığı əlverişli investisiya mühiti və şəffaf əməkdaşlıq mexanizmləri Çexiya biznes dairələrinin diqqətini cəlb edir.
Uzun illərdir davam edən hərbi-texniki əməkdaşlıq artıq yeni mərhələyə, birgə istehsal və texnologiya mübadiləsi mərhələsinə keçməkdədir. Azərbaycanın müdafiə sənayesində yerli istehsalı genişləndirmək siyasəti Çexiyanın bu sahədəki təcrübəsi ilə uzlaşır və qarşılıqlı faydalı sinerji yaradır. Bu isə həm Azərbaycanın müdafiə potensialının güclənməsinə, həm də sənaye əməkdaşlığının dərinləşməsinə xidmət edir. Səfər çərçivəsində hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılıq əldə olunması da münasibətlərin institusional inkişafına əlavə təkan verəcək. Bu mexanizm müxtəlif sahələr üzrə əməkdaşlığın koordinasiyalı şəkildə genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Ümumilikdə, Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Çexiya münasibətləri təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi və sənaye sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa doğru inkişaf edir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

















