image-qanunla-reklam
image-1462517462

Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu

image-lady-day-az

1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.

Siyasətçilərin, siyasi analitik – ekspertlərin, ziyalıların, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların dilindən tez-tez belə bir ifadə eşidirik: “YAP ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır”. Əlbəttə, bu, ictimai-siyasi və tarixi reallığı əks etdirən, tamamilə doğru və dəqiq yanaşmadır. İnkaredilməz həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi – torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının ulu öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi – əyani ifadəsi idi.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, – deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki