image-qanunla-reklam
image-ferid55

Fərid Mansurov: “Onu tanıyırdım, videoya baxanda…”

image-lady-day-az

“Bəzi məşqçilər istəyirlər ki, uşaqlar tez bir zamanda nailiyyət qazansınlar. Onun sayəsində yaxşı qonorar alsınlar. Bu baxımdan uşağa hər şeyi tez aşılamağa çalışırlar, bu da düzgün hal deyil”.

Bunu Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov  deyib. Fərid Mənsurovla qısa müsahibəni təqdim edirik.

– Fərid bəy, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə uşaq dünyasını dəyişib. Bu barədə nə deyə bilərsiniz?

– Videoya baxanda ürəyim ağrıdı, axıra qədər baxmaqda çətinlik çəkdim. Deyəsən, uşaq əvvəldən zədəli olub. Necə olub məşqçi bunu bilməyib ki, uşaq əzilib.

– Bu hadisə uşaq idmanında peşəkar məşqçilik məsələsini gündəmə gətirir. Ümumiyyətlə, uşaq məşqçisi necə olmalıdır?

– Ən savadlı məşqçilər uşaq məşqçiləri olmalıdırlar. Çünki uşağın idman vərdişlərinin fundamentini onlar qoyurlar. Fundament düzgün qoyulmayanda uşaq bir idmançı kimi düzgün inkişaf etməyəcək. Əvvəlki müəllimlərimiz, eləcə də öz şəxsi müəllimim bizimlə həmişə çox düzgün davranırdı.

Biz idman zalına gedəndə məşqçimiz ilk olaraq idman fəndləri öyrətmirdi. Yalnız oyun hərəkətləri verirdi, isinmə hərəkətləri edirdik, özümüz döşəkçəyə yıxılırdıq. Yəni bizə birdən-birə hansısa fəndləri öyrətmirdi, tədricən aylar sonra kiçik fəndləri öyrətməyə başlayırdı. Məşqin vaxtı bitəndə isə bizi idman zalından qovurdu.

Yatanda düşünürdük ki, səhər açılsın və yenidən idman zalına gedək, güləş döşəyinin üstündə oynayaq. Bizə həm döşəyi sevdirirdi, həm də özümüz bilmədən bizi bərkidirdi, ayaq üstündə durmağı öyrədirdi.

Düzdür, yaşlı nəsildən uzaq, bəzi məşqçilər var ki, həqiqətən bu sahədə professional deyillər. Nəticə olsa belə, professionallıq yoxdur.

– Ümumilikdə Azərbaycanda bu sahədə vəziyyət necədir?

– Məşqçilərlə bağlı bir az problemlər var. Sözüm hamıya aid deyil. Bəzi məşqçilər istəyirlər ki, uşaqlar tez bir zamanda nailiyyət qazansınlar. Onun sayəsində yaxşı qonorar alsınlar. Bu baxımdan uşağa hər şeyi tez aşılamağa çalışırlar, bu da düzgün hal deyil.

– Məşqçinin lisenziya məsələsi necədir? İdman zallarına nəzarət nə dərəcədədir?

– Mənim fikrimcə, hər bir idman növünün öz məşqçisi olmalıdır. İdman federasiyalarının icazəsi və treninq olmadan kimsə məşqçi kimi fəaliyyəti göstərməsi düzgün deyil. Təbii, ola bilər, ali təhsil alıb və qanunlar baxımından ixtisası üzrə məşqçi kimi fəaliyyət göstərə bilər.

Hadisəni törədən məşqçinin özü də nəticəli idmançı olub. Sambo idman növü ilə məşğul olub. Bilmirəm, hansı fikirlə məşq edib. Bu belə deyil. Onu Avropa Oyunlarından tanıyırdım, nəticə əldə etmişdi. Amma şəxsi tanışlığımız yoxdur.

Hadisəyə çox təəssüflənirəm, özü də bədbəxt oldu, uşağın da ailəsini bədbəxt elədi. Xəbərdə oxudum ki, həmin uşağın ailəsi ilə yaxın olublar. O videoya baxanda qeyd etdiyim kimi çox pis oldum. Bu videodan sonra hansı valideyn uşağını idmana qoyacaq? Halbuki bizim professional idmançılarımız çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki