Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Bu barədə “Qanunla.az”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər buradan qeydiyyatdan keçməlidirlər.
9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər isə buradan qeydiyyatdan keçirlər.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9 və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.