image-qanunla-reklam
image-1603719990226698677_1000x669

Cəbrayıl torpaqları yenidən canlanır

image-lady-day-az

Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl rayonu özünün münbit torpaqları ilə tanınır. Ermənilər bu torpaqları 27 ildir istismar edirdi.

Azərbaycan torpaqları olan bu yerlər Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir, Gəyən düzü və Qarabağ silsiləsini əhatə edir. Rayon ərazisi əsasən dağətəyi və düzənlikdən ibarətdir.

Cəbrayılda heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etmişdi. Erməni işğalı nəticəsində rayonun sərvətləri tar-mar edilmiş, infrastruktur sıradan çıxarılmışdır.

Ümumilikdə Cəbrayılda 58 min 585 hektar əkinəyararlı torpaq sahəsi mövcud idi. Əkin sahələri suvarma sistemləri ilə suvarılan və dəmyə torpaqlardan ibarət olub. Əsasən Araz, İncəçay və Çaylaqçay çaylarının suları ilə suvarılıb. Bundan başqa, Cəbrayılın kəhrizləri də əkinçiliyin inkişafında mühüm rol oynayıb.

Rayon işğaldan öncə üzümçülük, tütünçülük və baramaçılıq sahələri üzrə də ixtisaslaşmışdı. Əsasən də üzümçülük inkişaf etmiş sahələrdən idi. Sovet vaxtında 60 min ton üzüm istehsal edən Cəbrayılda ilkin emal müəssisələri də vardı. Lakin digər rayonlarımız kimi, erməni vandalizminə məruz qalan Cəbrayılın aqrar infrastrukturu da yerlə-yeksan edilmişdir.

Araz boyunca yerləşən Cəbrayılın münbit torpaqlarının yenidən əkilib-becərilməsi ölkəmizin kənd təsərrüfatının daha da dirçəlməsinə imkan yaradacaq.

İndi öz sahiblərində olan bu torpaqlar əvvəlki kimi bol məhsul verəcək. Rayon sakini Hidayət Səfərli söyləyir ki, bu yerlər tünd şabalıdı torpaqlardır. Ona görə də əkinçiliyin müxtəlif növləri üçün əlverişli hesab edilir. Soltanlı kəndi də bu ərazidə yerləşir və daim əkinçiliyin yüksək səviyyədə olması ilə seçilib.

Yol kənarlarında üzüm bağları, taxıl zəmiləri, böyük tut bağları vardı: “Lakin indi onlardan heç bir əsər-əlamət qalmayıb, ağaclar belə məhv edilib. Artıq doğma torpaqlarımız azaddır. Cəbrayıl Prezidentimizin rəhbərliyi ilə yenidən dirçəlir, əkin sahələrimiz canlanır”.

Müasir dövrdə ölkəmizdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə ciddi artım əldə etmək mümkündür. Bütün bunlar ölkənin, o cümlədən Cəbrayılın kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaqdır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki